“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” – seminar
Bakı, 14 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində 239 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Ulu Öndər və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş olunub.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev “Heydər Əliyev İli” çərçivəsində keçirilən seminarın əhəmiyyətindən, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Heydər Əliyev və milli dövlətçilik” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova isə Heydər Əliyevin həyat yolundan və səmərəli fəaliyyətindən danışıb.
Sonda məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən seminar barədə təəssüratlarını bölüşüblər.