HEYDƏR ƏLİYEV
ZAMANI QABAQLAMIŞ ÜMUMMİLLİ LİDER
“İzvestiya” qəzetinin 8 may tarixli nömrəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş tematik əlavə verilmişdir. AZƏRTAC həmin materialları oxuculara təqdim edir.
Tematik əlavə
AZƏRBAYCAN
Layihə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin köməyi ilə hazırlanmışdır.
Bu il mayın 10-da görkəmli siyasi xadim, nəinki müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş, həm də bütövlükdə Cənubi Qafqaz regionunun sivilizasiyalı inkişafının vektorunu irəlicədən müəyyən etmiş Heydər Əliyevin 85 illik yubileyi qeyd olunur. Bu əlamətdar tarix təkcə Heydər Əliyevin qədirbilən vətəni Azərbaycanda deyil, həm də bütün dünyaya səpələnmiş böyük bir diaspor tərəfindən geniş miqyasda qeyd edilir. Əliyevin siyasət dahisi olması indi dünyanın bir sıra ölkələrində qəbul edilmişdir. Bu da qanunauyğun haldır ki, Heydər Əliyevin öz qüvvəsi və enerjisinin xeyli hissəsini sərf etdiyi SSRİ-nin hüquqi varisi kimi çıxış edən Rusiya da bu tarixi Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Builki yubiley bu görkəmli insanın mürəkkəb həyat yoluna bir daha nəzər salmaq, onun siyasi karyerasının ən mühüm, ən əhəmiyyətli dövrlərini bir daha vurğulamaq üçün bir fürsətdir.
Oleq SIQANOV
Nailiyyətlər və ibrət dərsləri
Uğurla inkişaf edən hər bir ölkə öz inkişafının müəyyən ideyasına - millətin mənəviyyatının hərəkətverici qüvvəsi kimi çıxış edən, gələcəyə çox güclü bir motiv olan ideyaya möhtacdır. Lakin ümummilli ideyalar öz-özünə, heç nədən yaranmır. Heykəltəraş incəsənət əsərlərini gildən yapdığı və ya qranitdən yonduğu kimi, mənəvi və intellektual liderlər də milli ideyanı yaratmaq üçün millətin bütün yaradıcı və tarixi potensialına istinad edirlər. Heydər Əliyev lazımi vaxtda Azərbaycan üçün elə bir nadir, zəruri bənd, ziyalılar sinfinin hakimiyyət zirvəsinə çatmış elə bir nümayəndəsi olmuşdur ki, o, özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki yeni milli ideyanı - müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etməyə, həm də millətin ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini - gözəl idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan cəsarətli novatorları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsinə yönəltməyə nail olmuş nümayəndəsi olmuşdur. Əliyev hətta çoxlarının bu uğura inanmadığı, tarixin üfüqləri, tarixi perspektiv siyasi qeyri-sabitlik xaosunun təsiri ilə aradan qalxdığı vaxtlarda da bunu edə bilmişdir.
Heydər Əliyev bunu bacardı.
O, bunu etdi. Məhz o, Əliyev - hələ sovet dövründə böyüyüb tərbiyə almış, sovet dövründə mövcud inzibati-amirlik sisteminin həm müsbət, həm də mənfi cəhətlərini öz taleyində və şəxsi karyerasında hiss etmiş bir insan bu təcrübəni nəzərə alaraq, qloballaşmanın ən yeni dövrünün çağırışlarını layiqincə qarşılamaq üçün tələb edilən yeni səviyyəyə yüksəlməyə müvəffəq olmuşdur. Əliyev müasir siyasətçilərdən çox azının nail ola bildiyi işləri görmüşdür: o, güclü, idarə edilə bilən dövlətin üstün cəhətlərini demokratik inkişafın yeni potensialı ilə birləşdirə, başqa sözlə, tarixi ənənəni modernləşmə ilə birləşdirə bilmişdir. Bununla bərabər, o, zəngin təbii sərvətlərini - nefti və qazı ölkənin sosial və infrastruktur modernləşdirməsinə xidmət etməyə yönəldə bildi. Halbuki, neft dollarları içində “üzən”, onlardan modernləşdirmə məqsədləri üçün istifadə etməyə özlərində qüvvə tapa bilməyən bəzi ölkələr bu sərvətləri “karbohidrogen lənəti” adlandırırlar. Müasir siyasətin təməlini qoymuş Əliyev hansısa “lənətlənmə” bir yana, hətta bu ehtiyatlardan səmərəsiz istifadə edilməsi barədə azacıq da olsa mühakimə yürütməyə heç bir əsas verməmişdir.
Hələ sovet dövlət maşınının sükanı arxasında dayanmış bir insan kimi Əliyev Azərbaycanla müqayisədə qat-qat iri oyunçuların mövcud olduğu qlobal okeanda sərbəst “üzməyin” nə dərəcədə təhlükəli olduğunu çox yaxşı başa düşürdü. Buna görə də məhz o, müasir Bakıya çevik alyanslar yaradılması kimi çox parlaq konsepsiyanı miras qoyub getmişdir, onun ardıcıl ideya varisi İlham Əliyev isə öz həmməsləklərindən ibarət komanda ilə birlikdə həmin konsepsiyanı həyata keçirməkdə davam edir.
Bürokratik aparatın fəaliyyətinin incəliklərinə yaxşı bələd olan, bürokratiyanın ətaləti və kütlüyünün nə ilə nəticələnə biləcəyini yaxşı bilən bir insan kimi məhz Heydər Əliyev qısa tarixi dövr ərzində Azərbaycanın yeni dövlət aparatını, əlində, sıfırdan başlayaraq yaratmağa, Azərbaycan məmurlarının mütləq əksəriyyətini öz ətrafında səfərbər etməyə, onları yeni milli ideya ilə ruhlandırmağa, onların işinə yeni məna gətirməyə nail oldu.
Heydər Əliyev bu aparatı yaratdı, onu işə saldı, ona ilkin təkan verdi. İndi Prezident İlham Əliyev bu aparatı inkişaf etdirməkdə və təkmilləşdirməkdə davam edir, onu ölkənin inkişafına xidmət etməyə yönəldir.
Böyük yolun mərhələləri
Heydər Əliyev 1923-cü ildə anadan olmuşdur. Tarix o dövrün taleyi şikəst edilmiş, lakin əzmkar nəslinin bütün nümayəndələrinə dağ çəkmişdir. O, ən çətin bir tarixi dövrdə boya-başa çatmış və formalaşmışdır, onun gənclik dövrü Stalin repressiyası və dəhşətli dünya müharibəsi illərinə təsadüf etmişdir. O, bu cəhənnəm odundan keçməyə və bununla bərabər, nəinki fiziki və mənəvi cəhətdən özünü qorumağa, həm də özündə ən yaxşı insani keyfiyyətlər formalaşdırmağa nail olmuşdu ki, sonralar bu məziyyətləri itirmədən, onları daha da artıraraq, sovet hakimiyyətinin ali hakimiyyət eşelonlarına yol tapsın.
Əslində, tarixin hər hansı başqa dövründə olduğu kimi, o vaxt da hakimiyyət nərdivanının yuxarı pillələrinə yalnız kompromislər yolu ilə qalxmaq mümkün idi. Kompromislər isə, məlum olduğu kimi, tez-tez insan şəxsiyyətində iz qoyur, çox vaxt onu dəyişkən dünyaya uyğunlaşaraq “əyilməyə” məcbur edir. Vəziyyətə uyğunlaşmaq çox vaxt yüz minlərlə sovet bürokratının karyerasında güclü vasitəyə çevrilirdi. Lakin məlumdur ki, bütün dövrlərdə və bütün rejimlərdə başqa cür, yüksək məziyyətlərə malik insanlar da olmuşdur. Vaxt keçdikcə, yalnız belələri arasından tarixi şəxsiyyətlər, zamanı döndərməyi bacaran, özünü tarixə uyğunlaşdırmaq əvəzinə, onu idarə edən liderlər yetişir. Heydər Əliyev məhz belə insan idi.
Başqaları ilə müqayisədə o, daha artıq dərəcədə nəinki yeni tarixi mərhələdə davam gətirməyi, hətta bu mərhələdə (yeni Azərbaycan dövlətçiliyinin qurulması mərhələsində) “yeni formasiyaya” mənsub olan, özünün böyüyüb boya-başa çatdığı sistemi görmüş, sonra isə özündə və cəmiyyətdə həmin sistemi dəf etmiş bir insan olmağı bacarmışdır. Sovet İttifaqının ali rəhbərliyində onun əvvəlki həmkarlarından heç biri buna nail ola bilməmişdir. Bu mənada Heydər Əliyev istisna oldu.
Sovet bürokratiyasında əslində maksimuma nail olmuş Əliyev snobizm və riyakarlıq xəstəliyinə tutulmadı. Bəlkə də buna görədir ki, o, sovet aparat intriqalarında xəyanəti özünün ikinci siyasətinə çevirənlərdən geri qalmışdı. Partiya rəhbərliyində o, çoxlarını qane etmirdi, belələrini qıcıqlandıran amillərdən biri də onun intellekti, böyük kollektivləri idarə etmək bacarığı və güclü siyasi liderə çevrilmək üçün fitri qabiliyyəti idi. O dövrün sovet rəhbərlərindən onu fərqləndirən ən başlıca cəhət isə yəqin ki, yüksək erodisiyası idi. O, indi dəbdə olan təbirlə desək, SSRİ-nin ən “kreativ” rəhbərlərindən biri idi. Postsovet dövründə də belə oldu, ölkəsini 1990-cı illərin əvvəlindəki böhrandan çıxardı, Ermənistanla müharibənin ağır nəticələrinin qarşısını almağa və öz dövlətini inkişaf magistralına çıxarmağa nail oldu. Heydər Əliyevin Azərbaycan üçün etdiklərini postsovet liberalizminin birinci dalğası dövründə yeni müstəqil dövlətlərin liderlərindən əslində heç biri edə bilməmişdi. Heydər Əliyev isə bunu etməyi bacardı.
Sovet İttifaqı dövründə yaşamış və həmin dövrdə onu müşahidə etmək imkanı olmuş adamların çoxunda Əliyevin həmin dövrdəki işi haqqında ən müsbət təəssüratlar qalmışdır. Məhz Əliyevin və hakimiyyətdə ona oxşar, sayca çox olmayan nadir insanların sayəsində postsovet məkanının yaşlı nəsli “köhnə dövr” üçün nostalji hisslər keçirir. Məhz əksəriyyətdən fərqli “xəmirdən yoğurulmuş” insanlar üçün qəribsəyir.
Ziyalı hakimiyyətdə
Mənə belə gəlir ki, Heydər Əliyevin həyatının sonu hakimiyyətdə olan əməlisaleh adamın sonu olmuşdur. Əliyevin hakimiyyətinin yekunlarına əsasən tam inamla demək lazımdır ki, o, nadir hallarda müqayisə edilən üç reallığı - ənənəni, modernləşməni və Azərbaycan sosiumunun bu gününə, onun indiki inkişaf səviyyəsinə müvafiq olan zəruri demokratiyanı birləşdirməyə müvəffəq olmuşdur. Bunu dərk etmək üçün xüsusi “optika” və xüsusi intellektual səviyyə tələb edilmir, sadəcə, Azərbaycanda Əliyevə qədər nələr olduğunu və Əliyevdən sonra ölkənin necə dəyişdiyini, bu ölkənin naminə Heydər Əliyevin nələr etdiyini görmək lazım idi.
Heydər Əliyev keçmiş Sovet İttifaqının və öz ölkəsinin - Azərbaycanın vətəndaşları üçün daha kimdir? Nə qədər qəribə səslənsə də, o, həqiqi rus ziyalısı adlandırılması qəbul edilmiş insanlardan biridir. Klassik sovet hakimiyyətinin süqutu ərəfəsində yenidənqurmanın hələ dəyişdirmədiyi sovet rəhbərləri arasında belələri tək-tük idi.
Bu, özünü nədə göstərirdi? İlk növbədə onun dilində və danışıq tərzində. Onun bəlağətində. O, həm xalq üçün, həm də humanitar elita üçün, ictimai elmlərlə bağlı olan insanların ali təbəqəsi üçün eyni dərəcədə maraqlı insan idi. Akademiya alimləri onu öz mühitlərinin adamlarından biri kimi dinləyirdilər. Mövzuya bələd olması, - ona çox məsələlərdə səriştəli olmaq lazım gəlirdi, - dinləyiciləri heyrətləndirir, rəqiblərində isə paxıllıq doğururdu. Onun rus dilini çox gözəl bilməsi heyrət doğururdu. Özü azərbaycanlı olduğu halda, rus dilini mükəmməl bilmək baxımından nəinki milli respublikalardan olan həmkarlarından, hətta Qorbaçovdan və Yeltsindən də bir baş yuxarı idi. Təəssüf ki, biz Əliyevi hədsiz az eşidirdik, ölkə miqyasında eşidilmək imkanları ilə müqayisədə bu səs çox cüzi eşidilirdi. Əliyevin “Literaturnaya qazeta”nın 1981-ci il 18 noyabr tarixli nömrəsində dərc edilmiş müsahibəsi, demək olar ki, nadir biblioqrafik nüsxəyə çevrilmişdir. Əliyev həmin müsahibədə sistemin və cəmiyyətin qüsurları, “sülalə” anlayışı ilə inzibati idarəetmənin “klan” xarakteri arasında ciddi fərq olması, korrupsiya barədə və ölkə rəhbərliyinin mənəvi prinsipləri qorumaq və müdafiə etmək kimi zəruri vəzifəsi barədə danışırdı. Onda 1981-ci il olduğunu nəzərə alsaq, bu çıxış böyük hay-küyə səbəb olmuşdu və əgər o vaxt Heydər Əliyevin öz komandası yaradılmış olsaydı, bu çıxış gələcək islahatlar üçün proqram ola bilərdi. Lakin o, hakimiyyət uğrunda mübarizə aparmırdı və intriqalar yaratmaqdan uzaq idi…
SSRİ-yə Əliyev miqyaslı rəhbərin başçılıq etmədiyinə yalnız təəssüflənmək olar. Bu siyahını Qazaxıstanın indiki prezidenti Nazarbayevlə davam etdirmək olar, buraya daha bir neçə şəxsin, məsələn, Belorusiyanın o vaxtkı rəhbəri, 1980-ci ildə faciəli şəkildə həlak olmuş Pyotr Maşerovun adını əlavə etmək olar. Əgər yenidən qurulmaqda olan İttifaqa onlar rəhbərlik etsəydilər, bizim inkişafımız tamam başqa yolla gedə bilərdi. Əliyev səviyyəli, Əliyev səriştəli rəhbərlərin bu sistemin böhranlarına necə çarə tapacaqlarını yalnız güman etmək olar, lakin mən əminəm: əgər ölkəni sarsıtmış, xalqlarımızın qanını qaraltmış, onları bir-biri ilə savaşdırmış mənhus münaqişələr belə rəhbərlərin dövründə baş versəydi, onlar həmin münaqişələri ağıllı şəkildə lokallaşdırmağı, bunların öhdəsindən gəlməyi bacarardılar. Dəqiq və sərt tədbirlər görər, lakin hakimiyyət strukturlarının dinc xalqa qarşı yanvarın 20-də Bakıda baş vermiş hadisələri və İttifaqın başqa şəhərlərində oxşar qanlı cinayətlər törətməsinə imkan verməzdilər. Paradoksal səslənir, amma bunu inandırıcı şəkildə sübut etmək olar...
Hər halda, Heydər Əliyev sovet sistemində xeyli yüksələ bilmişdi - sadəcə, Sov.İKP MK Siyasi Bürosunun üzvü, partiya məmuru deyildi, o, daim sovet cəmiyyətinin inkişafı ilə bağlı problemlərin içində idi.
Fikir verin: Baykal-Amur Magistralı (BAM) kimi möhtəşəm tikintini hər məmura etibar edə bilməzdilər. Hökumət başçısının birinci müavini kimi o, bütün sovet makroiqtisadiyyatına - sənaye, nəqliyyat, tikinti sahələrinə görə cavabdeh idi. Azərbaycanda qarmaqarışıqlıq dövründə bu ölkənin rəhbərliyini öz üzərinə götürəndə də o, ən yüksək səviyyəli lider və rəhbər imkanlarına malik olmasını bir daha sübut etdi...
Əliyev paradoksal tərzdə və istehza ilə düşünməyi, ölkənin tarixində və özünün şəxsi həyatında ən kədərli vaxtlarda da ətrafda baş verən hadisələrə rişxəndlə baxmağı bacarırdı. Bu, Əliyevi Putinlə yaxınlaşdıran keyfiyyətlərdən biri və üstəlik, özünü itirməmək, əleyhdarlarından və rəqiblərindən irəlidə getmək qabiliyyəti idi. Onların hər ikisi öz ölkələrinin dövlət sistemlərinə müsbət elementlər gətirmiş, məhvedici əyintiləri düzəltmişlər. Lakin onların şəxsiyyətlərində yaşlarından asılı olmayan müəyyən fərqlər də müşahidə edilir. Əliyev daha sanballı, daha müdrik rəhbər idi, - belələrinə indi “konseptual strateq” deyirlər, - ən başlıcası isə, o, vəziyyətin şərtiliklərindən məhrum idi və öz şərtlərini diktə edən sürüşkən və ətalətli qrup olan komanda ilə xeyli dərəcədə bağlanmış Putindən fərqli olaraq, ətrafındakılardan daha az asılı idi.
Lakin mən ürəkdən əminəm ki, Heydər Əliyev qat-qat dərin adam idi, Putinin barəsində xatırlatdığım şəxsi keyfiyyətlər və idərəçilik xüsusiyyətləri Əliyev üçün xarakterin yalnız bir neçə cəhəti, onun təbiətinin başqa xüsusiyyətləri ilə harmonik şəkildə uzlaşan cəhətlər idi. Əliyevin şəxsiyyətində bəzi başqa dəyərli cəhətlər, daha doğrusu, bu cür insanda böyüklük əlamətləri görməyə əsas verən daxili dəyərlər də vardı. Əliyevi lider edən o, özü olmuşdur. Əliyevin rəhbərliyi həqiqətən tərəqqi və tarixi inkişafın mənafelərini əks etdirirdi və o, bunları öz şəxsiyyətində üzvi şəkildə birləşdirirdi. O, özü dəyişir və milli zəmində qalmaqla, bütün ölkəni öz arxasınca çəkib aparırdı. Heydər Əliyevi buna görə Mustafa Kamal Atatürklə müqayisə edirlər - onlar hər ikisi Missiya adamları idi. Əliyev bunu hələ Moskvada olarkən, sistemin bütün ətalətinə və sərtliyinə rəğmən sübut etmişdi, sonra isə o, Azərbaycan kimi bir ölkənin “sükançısı” oldu, özünün Prezidentliyi dövründə Azərbaycan cəmiyyətinin tədricən modernləşdirilməsi mexanizmini işə saldı.
Mən nə üçün bu təzadları göstərmək qərarına gəlmişəm? Rusiya və Azərbaycanın, iki oxşar və çox fərqli ölkənin inkişaf tarixi məni təkcə hadisələr zənciri - rəqəmlər, tarixlər, tikintilər, sazişlər, münaqişələr və problemlər kimi maraqlandırmır. Əlbəttə, bütün bunlar vacibdir, lakin ən başlıcası odur ki, ölkənin simasını formalaşdıran rəhbərlər və şəxsiyyətlər tarixin eniş-yoxuşlarında əsas oyunçulara çevrilirlər. Biz hamımız canlı insanlarıq, hər birimizin nöqsanları, məhdudluqları var, fərq bütün bunları necə müxtəlif yollarla aradan qaldırmağımızdan ibarətdir. Biz liderin həyatını, onun insani keyfiyyətlərini, imkanlarını və təbii məhdudluqlarını görəndə büt deyil, canlı enerji görürük. Təkcə hissiyyatsız tunc heykəli göstərməklə, siyasi çağırışlara düzgün cavab vermək, gələcək nəsilləri düzgün tərbiyə etmək mümkün deyildir. Azərbaycanda Heydər Əliyevdən sonra bu incə məsələdə ifratçılığa varmadılar: Heydər Əliyevin irsini və şəxsiyyətini səmərəsiz və mənasız siyasi pərəstiş obyektinə çevirmədilər, hərçənd dövlətə münasibətdə “şərq” ənənəsi hakimiyyəti az qala təbii şəkildə sakrallaşdırır. Heç kəs Əliyevi bütə çevirmək, onun şəxsiyyətinə pərəstiş yaratmaq vəzifəsini qarşıya qoymamışdır, lakin Azərbaycan millətinin ulu öndərinə ehtiramlı münasibət çox böyük hörmətə və rəğbətə layiqdir. Allaha şükür ki, tarixin sərt anlarında bəzən ləyaqətli, sanki rəhbər olmaq üçün doğulmuş insanlar hakimiyyətin zirvəsində olur, bulanıq su köpüyü onlara təsir etmir, onlar özləri-özlərinə yol açmalı olur, lakin belələri öz millətinin və ölkəsinin səmimi təəssübkeşləri olur. İllər keçir, milli liderin şəxsiyyəti isə öz cazibəsini saxlayır və qütb ulduzu kimi parlayır.
Ötəri olmayan yekunlar
Heydər Əliyev güclü daxili potensiala malik yeni milli dövlət sistemi yaratdı. O, Azərbaycanın siyasi və işgüzar elitasını qlobal dünyaya inteqrasiya edə bildi. Özü də Azərbaycanın biznes elitasının dünya elitasına inteqrasiya səviyyəsi nadirdir.
Daha bir məqam - o, ordunu səfərbər etməyə və güc qurumlarını vahid tam şəklində toplamağa nail oldu. O, bütün vətəndaşlara öz dövlətinə görə qürur və ona hörmət hissini qaytardı. Ölkənin parçalanmasına yol vermədi, doğma “məğrur Qafqaz” ölkəsinin öz ərazisinə yetərli nəzarətini bərpa etdi, ermənilər tərəfindən işğal olunmuş bütün ərazilərin Bakının yurisdiksiyasına qaytarılması üçün zəmin yaratdı.
Əliyevin böyüklüyü ondadır ki, müstəqil Azərbaycanın bərqərar olması üçün “böyük qardaş” Rusiya ilə münasibətləri kəskinləşdirməyə ehtiyac olmadı, halbuki, MDB-də digər müstəqil dövlətlərin çoxu özünütəsdiq dövründə münasibətlərin bu cür kəskinləşməsindən yaxa qurtara bilməmişdi. Belə şübhəli və münaqişə üzərində qurulmuş “təminat” ona lazım deyildi. O, Qərb bloklarına tələsik daxil olmağı öz rejimi üçün sığorta hesab etmirdi. Əliyev Qərb ilə birləşməyin özünəməxsus bir forması kimi Rusiyaya qarşı hər hansı “humanitar-tarixi” iddialar irəli sürmürdü, hərçənd belə iddiaların əsaslandırılmış səbəbləri ola bilərdi. O, Moskva amilini tarazlaşdırmaq üçün özünə himayədar axtarmırdı. O, özlüyündə Tarix Amili idi.
MDB-nin birinci şəxsləri arasında Heydər Əliyevin liderliyi və nüfuzu, onun Putinlə məxsusi münasibətləri ölkənin irəliyə doğru istiqamətlənmiş davamlı çoxvektorlu xəttini uzun illər üçün müəyyən etmişdi: Əliyevin dövründə Azərbaycan müxtəlif vektorları - Qərb və Şərq, islam və xristian vektorlarını uzlaşdırmağı bacarırdı. Əliyev Rusiya ilə dostluğu həqiqətən yüksək qiymətləndirirdi. O, rus mədəniyyətinin və rus dilinin əhəmiyyətini başa düşürdü. Bu baxımdan yalnız prezidentlər Nazarbayev və Lukaşenko onunla müqayisə edilə bilər, lakin rus mədəniyyətinə münasibətdə “müsbət hissləri” qoruyub saxlamaq üçün Əliyev tamamilə fərqli etnik-mədəni şəraitdə və daha mürəkkəb siyasi şəraitdə idi.
Onun varisi, oğlu, Prezident İlham Əliyev bu “çevik alyanslar” xəttini uğurla davam etdirir, qlobal güc qütbləri ilə münasibətlərdə müəyyən məsafə gözləyir və bu xətt indi fayda gətirir: GUAM üzrə qonşularından fərqli olaraq, Azərbaycan heç vaxt xırdalanan geosiyasi kart olmamışdır və heç vaxt olmayacaqdır. Tam əminlik var ki, Heydər Əliyevin çoxşaxəli təcrübəsi və irsi uzun illər üçün ölkənin siyasətini müəyyən edəcəkdir. Gələcək nəsillər öz ümummilli liderinin ölkəsi naminə, öz müstəqil Azərbaycanı naminə etdiklərinə görə ona daim minnətdar olacaqlar.
Tanınmış Azərbaycan yazıçısı, publisisti, Milli Məclisin deputatı Elmira Axundova Heydər Əliyevin ilk bioqraflarındandır. Elmira Axundova 2007-ci ilin axırında ilk iki cildi çapdan çıxmış “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatı həyatının əsas layhəsi sayır. Beş ilə yaxın gərgin zəhmət, kitabın qəhrəmanının uşaqlıq və gənclik dostları, doğmaları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş - bütün bunlar nadir sənədli romanın əsasını təşkil edir.
Kitabda çox geniş faktoloji, politoloji və tarixi material toplanmışdır. Roman az məlum olan xeyli sayda faktlar, epizodlar, müəllif tərəfindən dərin təhlil və şərhlərlə müşayiət edilən eksklüziv informasiya ilə zəngindir. Yazıçının Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq və səmimiyyət verir.
Bir tərəfdən bütün ölkənin, digər tərəfdən isə qismətinə əvvəlcə kiçik respublikaya, sonra isə nəhəng Sovet İttifaqına rəhbərlik etmək düşmüş bir insanın taleyi kitabda üzvi surətdə, bir-birini tamamlayaraq əks olunur, bəzən də romanın çərçivəsini epik miqyasa qədər genişləndirir.
Elmira Axundovanın kitabı polifonikdir, burada baş qəhrəmanın - Heydər Əliyevin obrazının yaradılması ilə yanaşı, SSRİ-nin və sovet Azərbaycanının tanınmış xadimlərinin də portretləri verilmişdir. Müəllif təkcə respublikaya aid mövzu ilə məhdudlaşmır, qonşu Ermənistanda və Gürcüstandakı vəziyyəti göstərir, Kremldə nələr baş verdiyi barədə mülahizələrini söyləyir, H.Əliyevin ölkə rəhbərləri - L.Brejnev, Y.Andropov, M.Suslov, D.Ustinov, M.Qorbaçov və başqaları ilə münasibətlərinin tarixindən söhbət açır.
Kitabın başlıca özəlliklərindən biri də ondan ibarətdir ki, burada ümummilli liderin müasirlərinin, çiyin-çiyinə işlədiyi, ünsiyyətdə olduğu, ömrünün müxtəlif mərhələlərində dostluq etdiyi insanların bilavasitə söylədikləri verilmişdir. Elmira Axundovanın özünün yazdığı kimi, yüzdən çox adam kitabın həqiqətən həmmüəllifi olmuşdur.
Kitaba artıq bir sıra Rusiya nəşriyyatları və xarici nəşriyyatlar maraq göstərirlər. Ona ön sözü görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenov yazmışdır.
“ŞƏRQ” İSTİQAMƏTİNDƏ
Azərbaycan üçün “əsas zərbə” istiqaməti İran və Türkiyə idi. SSRİ İrandan çıxmışdı, əvəzində, ABŞ bu ölkədə öz yerini çox ciddi və uzun müddətə bərkitmişdi. DTK veteranı Kamal Əliyev söyləyir: “Azərbaycan-İran sərhədiboyu qoşun, Amerika hərbi texnikası dayanmışdı. Sərhədin hər iki tərəfində eyni xalqın, azərbaycanlıların yaşaması vəziyyəti daha da mürəkkəbləşdirirdi. O tərəfdən qaçıb gələnlər az deyildi, onları ciddi surətdə yoxlamaq lazım gəlirdi, çünki aralarında SAVAK-ın (İran kəşfiyyat xidmətinin) agentləri ola bilərdi. Biz ildə 300-ə yaxın belə adam qəbul edirdik. Azərbaycanda onsuz da böyük olan İran diasporu daim artırdı. Bu kontingent arasında həm də agentura fəaliyyəti aparmaq lazım idi”.
Türkiyəyə gəldikdə isə, o, SSRİ tərəfindən ərazi bütövlüyünə qarşı təhlükəyə cavab olaraq, Qərblə daha sıx yaxınlaşmağa üstünlük verdi və son nəticədə NATO-nun hərbi-siyasi qurumlarına daxil oldu. Bundan başqa, bu ölkədə Sovet İttifaqının türkdilli respublikalarından olan mühacirlərin təşkil etdiyi bir çox antisovet və antikommunist təşkilatları fəaliyyət göstərirdi. Bütün bunlar Rusiya-Türkiyə münasibətlərinin mənfi tarixi təcrübəsi də nəzərə alınmaqla, gətirib o yerə çatdırdı ki, Moskva Türkiyəyə ən qorxulu və düşmən dövlətlərdən biri kimi baxmağa başladı.
Şübhəsiz, “soyuq müharibə” dövrünün əvvəllərinə aid olan bütün bu ideoloji stereotiplər sovet çekistlərinin düşüncəsinə dərindən yeridilmişdi. Azərbaycan əks-kəşfiyyatının gənc zabiti Heydər Əliyev də istisna deyildi. Artıq iki-üç ildən sonra o, İran və Türkiyə istiqamətində bir sıra xüsusi əməliyyatların hazırlanması və uğurla həyata keçirilməsinə görə Mərkəzin ən yüksək qiymətinə layiq görüləcəkdi.
Gənc çekist Əliyevin Azərbaycan DTK-sının 2-ci şöbəsinin rəisi Ayvaz Məmmədovun rəhbərliyi altında iştirak etdiyi ilk tədbirlərdən biri “Alagöz” adı ilə keçirilən əməliyyat “oyunu” idi.
1947-ci ildən başlayaraq, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) SSRİ-yə qarşı mübarizədə Türkiyə və İranın xüsusi xidmət orqanlarından istifadə edirdi. Çox vaxt keçmiş sovet vətəndaşları bu mübarizədə alət rolunu oynayırdılar. Məsələn, Astarada anadan olan, müharibə vaxtı gəlib İrana çıxan, oradan Türkiyəyə qaçan və Türkiyə xüsusi xidmət orqanlarının nəzər dairəsinə düşən “Alagöz” ləqəbli agent kimi. O, kəşfiyyat işinə cəlb olunmuş, müvafiq hazırlıq keçdikdən sonra Azərbaycana göndərilmişdi. Bakıda Azərbaycan çekistləri onu öz tərəflərinə cəlb etmişdilər. Əsaslı yoxlama və hazırlıq keçdikdən sonra o, yenidən Türkiyə ərazisinə göndərilmişdi. Bu ölkədə o, yenidən uzun yoxlama keçir və bir daha Azərbaycana göndərilir. Bu əməliyyat oyunu 1950-ci ildən 1956-cı ilədək davam etmiş, onun sayəsində Azərbaycanın xüsusi xidmət orqanları Türkiyə agenturasının əlaqə kanallarını, SSRİ-yə göndərilmə yollarını, agentlərin şəxsiyyətini, qarşı tərəfin planlarını və niyyətlərini öyrənə bilmişdi. DTK veteranı Cabbar Bəylərovun sözlərinə görə, “o vaxt Türkiyə kəşfiyyatı çox güclü idi və bizim agentin Türkiyə xüsusi xidmət orqanlarına yerləşdirilməsi faktı bütün SSRİ üçün böyük sensasiya doğuran hadisə idi”.
Heydər Əliyev “Duel” adlı əməliyyat oyununu işləyib hazırlayandan sonra əks-kəşfiyyatçılar arasında daha da məşhurlaşdı. Kombinasiyanın uğurunun əsasını baş leytenant Əliyevin “Radist” adlı agent üçün məharətlə uydurduğu əfsanə təşkil edirdi.
Azərbaycanın xüsusi xidmət orqanlarının veteranı general-leytenant Ziya Yusifzadənin söhbətindən: “Heydər Əliyev əfsanə fikirləşməyin əsl ustası idi. Onun qurduğu əfsanələr həmişə yüz faiz tutarlı olurdu. Bu agenti “yaşıl” sərhədlə Türkiyəyə keçirdilər. O, jandarmeriyaya düşdü, sonra isə Türkiyənin xüsusi xidmət orqanlarına göndərildi. “Radist”i uzun müddət çək-çevir etdilər, “əfsanəsini” yoxladılar. Bir ildən artıq idi ki, ondan məlumat almırdıq. Sərhədin o tərəfindəki imkanlarımızdan istifadə edərək öyrəndik ki, o, həqiqətən, Türkiyə xüsusi xidmət orqanlarının əlinə keçib, onu yoxlayırlar, hazırlayırlar. Təxminən bir ildən sonra “Radist”i yenidən Azərbaycana göndərirlər. Heydər Əliyevlə görüşən zaman o, Azərbaycanda yerləşən hərbi obyektləri, rejim obyektlərini aşkar etmək üçün aldığı tapşırıqlar barədə məlumat vermişdir. Türkiyə xüsusi xidmət orqanları tərəfindən cəlb olunduqdan sonra “Radist” bir neçə dəfə Azərbaycana göndərilmişdi, hər dəfə də Heydər Əliyeviç onunla görüşürdü. Diqqətlə dinləyirdi, Türkiyə hərbi kəşfiyyat nümayəndələri ilə təmasları zamanı özünü necə aparmalı olduğu barədə tövsiyələr verirdi. “Radist”in köməyi ilə onlarca Türkiyə agenti ifşa olundu”.
Hər iki əməliyyat Mərkəz tərəfindən yüksək qiymətləndirildi, iştirakçıları isə mükafatlandırıldı. H.Əliyev bundan sonra da dəfələrlə qiymətli hədiyyələr və fəxri fərmanlar alacaq. 1962-ci il aprelin 15-də onu “Dövlət təhlükəsizliyi orqanının fəxri əməkdaşı” nişanı, 1962-ci ilin mayında Qırmızı Ulduz ordeni, 1964-cü ildə isə birinci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edəcəklər.
Ehtimal ki, uğurlu xüsusi əməliyyatlara görə Heydər Əliyev növbədənkənar hərbi rütbəyə də təqdim olunmuşdur. Müxtəlif sənəd və arayışlarda olan imzalara görə, 1956-cı ilin iyununda o, hələ kapitandır, 1958-ci ildə mayor, 1960-cı ildə isə podpolkovnikdir. Sovet İttifaqının cənub sərhədlərinin qorunmasının təmin edilməsində müstəsna xidmətləri olan Heydər Əliyev kapitandan general-mayora qədər yolu cəmi 10 ilə (!) keçmişdir - bu, Azərbaycan xüsusi xidmət orqanlarında görünməmiş hadisədir.
O ki qaldı “Duel” əməliyyatına, Azərbaycan DTK əməkdaşlarının mənə danışdıqlarına görə, bu əməliyyat sovet xüsusi məktəblərinin dərsliklərinə salınmış, SSRİ DTK-sının xüsusi təlimatı kimi çap olunaraq, bütün çekist tədris müəssisələrinə göndərilmişdir. Heydər Əliyev SSRİ DTK-sının Rusiya və Ukraynadakı ali məktəblərində mühazirələrlə çıxış edir, agentlərin seçilməsi, onlarla iş aparmaq, əfsanələr hazırlamaq sahəsində öz metodikasından danışır və misal kimi, “Duel” əməliyyatını nümunə göstərirdi.
“MİXAYLO ŞƏHƏRDƏDİR!”
İntellektual səviyyələrində, həyat tərzində, vərdişlərində və maraqlarında olan bütün fərqlərə baxmayaraq, H.Əliyev və L.Brejnev bir-birinə səmimi rəğbət bəsləyirdilər. Bundan əlavə, əgər baş katib tərəfindən daimi diqqət və dəstək olmasaydı, Heydər Əliyev bütün gərgin fəaliyyətinə baxmayaraq, Azərbaycanda bu cür nəhəng islahatlar aparmağa nail ola bilməzdi, çünki müsəlman respublikalarından biri olan Azərbaycanın (o illərdə “müsəlman” kəlməsi heç vaxt işlədilmirdi, amma həmişə yaddaşda saxlanılırdı) 1-ci katibinin təşəbbüslərinə Brejnev əhatəsindəki mühafizəkarlar bəzən ehtiyatla yanaşır, böyük müqavimət göstərirdilər. O, qarşıdurmada ədalətli hakim, sonuncu instansiya kimi tez-tez Leonid İliçə müraciət etməli olurdu. H.Əliyevə başucalığı gətirən haldır ki, bu “instansiya” həmişə onun tərəfində olurdu. Ancaq qəhrəmanımız baş katibin ürəyinə yolu belə tez tapmadı. İlk vaxtlarda cavan Azərbaycan rəhbərinin respublikada ab-havanı sağlamlaşdırmaq cəhdləri ehtiyatlı və hər şeyi ölçüb-biçən Leonid İliçə həddindən artıq görünürdü, onu qorxuya salırdı. O, hətta düşünürdü ki, Heydər Əliyev “respublikada sovet hakimiyyətini devirmək” fikrinə düşüb. Ancaq gəlin ardıcıllığı pozmayaq.
...Hakimiyyətə gəldiyi ilk aylar o, paytaxtın bütün ticarət nomenklaturasının canına vəlvələ saldı. Üzdən az tanınmasından istifadə edən H.Əliyev şəhərə “partizan yürüşləri”nə çıxırdı. Sadə paltar geyinib evdən çıxar, qarşısına gələn ilk taksiyə oturardı. Ən uzun marşrutları seçərdi ki, sürücü ilə "açıq" söhbət etsin: camaatın güzəranı necədir, nədən narazıdırlar, ən çox şikayətləri nədəndir və s. Yaxud dükana girib satıcıdan soruşurdu: “Ət neçəyədir?”. - “İki manat qırx qəpiyə!”. Soruşur ki, bəs niyə belə baha? İki manat qırx qəpiyə o vaxtlar birinci növ ət satılırdı. Burada isə, deyir, yalnız sür-sümükdür. Satıcılar çiyinlərini çəkirlər. Bəziləri isə qarayaxa alıcını daha “emosional” sözlərlə başdan eləyirdilər. O da “başdan olurdu” - düz anbara və ya köməkçi otağa keçirdi, orada aztapılan xeyli ərzaq məhsulları aşkar edirdi. Bir sözlə, iki-üç həftə belə reydlərdən sonra Heydər Əliyevin “nişan verməsi” ilə 40 nəfərə qədər adam həbs olundu.
Respublikanın pariya elitasında söz-söhbət gəzməyə başladı: “birinci” qadağan olunmuş üsullara əl atır, onun hərəkətləri volyuntarizmdir, partizanlıqdır. Bəs, o, həqiqəti necə öyrənməli idi? Respublika prokurorunu yanına çağırırdı, o məruzə edir ki, Azərbaycanda “hər şey qaydasındadır”. Daxili işlər nazirindən soruşurdu - yenə o cür bərbəzəkli, reallıqdan uzaq mənzərə. Camaat isə narazı idi! DTK-da işləyəndə onun bu narazılıqdan xəbəri vardı. Lakin bu, aysberqin başqa, görünməyən, ictimaiyyətdən diqqətlə gizlədilən hissəsi idi.
Heyif ki, paytaxtı gizli dolaşmaqdan tezliklə əl çəkməli oldu - onu tanımağa başladılar. Sonralar ona dedilər ki, kimlər tərəfindənsə Əliyevin yüz nüsxələrlə çoxaldılmış şəkilləri hər bir mağaza müdirinin stolunun üstündə, satıcıların piştaxtası altında saxlanılırmış. Bakının dildən iti taksi sürücüləri ona hətta ləqəb də vermişdilər: Mixaylo. O illərdə ölkə ekranlarına Yuqoslaviya və İtaliyada faşistlərə qarşı vuruşmuş əfsanəvi sovet partizanı Mehdi Hüseynzadə (“Mixaylo”) haqqında təzə film çıxmışdı - “Uzaq sahillərdə”. Film böyük əks-səda doğurmuş, sevilmişdi. Ona görə də “Mixaylo” ləqəbi hətta onun xoşuna gəlirdi. Heyf ki, tezliklə “gizli fəaliyyətdən” çıxmalı və ləqəbdən də ayrılmalı oldu.
Təxminən bir ay sonra Azərbaycan partiya liderinin “özbaşınalığı” haqqında Kremlə siqnallar getməyə başladı. Və “birincinin” kabinetində telefon zəng çaldı. O vaxt Sov.İKP MK baş katibinin istirahətdə olduğu Krımdan.
O, həmin dəqiqə başa düşdü ki, Leonid İliç əbəs yerə zəng vurmayıb. “Nə tez çatdırdılar!” - “birinci” öz keçmiş həmkarları haqqında təəssüflə düşünürdü. Lakin Brejnevin zənginə sevindi - necə olsa, baş katiblə danışmaq fürsəti hər gün ələ düşmür.
- Hə, orada işlərin necədir? - baş katib salam-kalamdan sonra soruşdu.
- Hər şey qaydasındadır. Vəziyyətlə tanış oldum, praktik işə başlamışam, - Əliyev təmkinlə cavab verdi.
- Bəs, niyə sən işləri qəlizləşdirirsən?
- Söhbət nədən gedir, Leonid İliç?
- Guya bilmirsən? Bütün xarici radiosəslər bar-bar bağırır ki, bəs, Əliyev Azərbaycanda sovet quruluşunu dağıdır.
- Sizə düz məlumat verməyiblər, Leonid İliç. Mən heç nəyi dağıtmıram, əksinə...
O, təxminən qırx dəqiqə baş katibə seçildiyi bu ilk günlər ərzində keçirdiyi bütün hiss və həyəcanlar barədə danışdı. Rüşvətxorluğun baş alıb getməsindən, ticarət sektorundakı total oğurluq və fırıldaqlardan, əhalinin sosial narazılığından. Görünür ki, Brejnevi bəzi məsələlərdə inandırmağa nail oldu. Söhbətin sonuna yaxın baş katibin səsi xeyli yumşalmışdı. Buna baxmayaraq, sonuncu ifadəsi əmr kimi səsləndi:
- Yaxşı, amma bax, həddini aşma! Belə baxıram ki, yaman çılğınsan...
Sonralar Leonid İliç səmimi qəlbdən Əliyevi sevəcək, ona bütünlüklə etibar edəcək, kömək göstərəcək. Ancaq oğurluq və rüşvətxorluğa qarşı mübarizədə həmən bu çılğınlıq və prinsipiallığı axıra qədər başa düşməyəcəkdir. Təsadüfi deyil ki, Azərbaycan partiya təşkilatının, o vaxt deyildiyi kimi, “sosialist mənəviyyatının antipodları” ilə mübarizə təcrübəsindən qurultay tribunalarından deyil, bir qayda olaraq, hakimiyyət dəhlizlərində və qeyri-rəsmi söhbətlərdə danışılırdı. Brejnevin vaxtında Şimali Qafqazda, Orta Asyada “gizli milyonçular” praktik olaraq leqal fəaliyyət göstərirdilər. Hətta 17 il (!) SSRİ Daxili İşlər Nazirliyinə, sonradan məlum olduğu kimi, ozü də tamahkarlıq və korrupsiya azarına tutulmuş Nikolay Şolokov - baş katibin yaxın dostu rəhbərlik etmişdi (1982-ci il dekabrın 16-da N.Şolokov daxili işlər naziri vəzifəsindən azad olundu. 1984-cü ildə onun barəsində cinayət işi açıldı. İlk dindirmələrdən sonra Şolokov özünü güllə ilə vurdu). Yalnız L.Brejnevin ölümündən sonra Y.Andropovun hakimiyyətə gəlməsi ilə korrupsiyaya qarşı mübarizə ölkə miqyasında aparılmağa başlandı.
“QALSTUKSUZ” ƏLİYEV
Hər yay olmasa da, hər halda, ailəlikcə Yaltaya istirahətə gedə bilirdi. Yüksək partiya zümrəsinin nümayəndələri çalışırdılar ki, məhz Leonid İliç Brejnev Yaltada istirahət edəndə orada olsunlar. Bu, heç də hər kəsə, hətta Siyasi Büro üzvünə nəsib olmurdu. Ancaq Heydər Əliyev ailəsi ilə oraya istənilən vaxt gedə bilirdi. Onlar, adətən, Misxordakı dörd nömrəli bağda qalırdılar. Brejnev isə yaxınlıqda - Livadiyadakı 1 nömrəli bağda dincəlirdi.
“Ancaq bunun təkcə adı istirahət idi, - deyə mühafizə dəstəsinin rəisi Aleksandr İvanov təbəssümlə yada salır. - Bağın özü dağın başında yerləşirdi. Oradan dənizə maşınla üç-dörd dəqiqəliyə getmək olardı. Dəniz sahili də hasarlanmışdı, hər tərəfdə mühafizəçilər dayanırdı. O, çox gözəl üzürdü. Mən cavan olsam da, ona çata bilmirdim, sonra firkirləşib, onu qayıqla müşayiət etməyə başladım. Heydər Əliyev yorulmaq bilmədən üzürdü. İstirahət vaxtı dənizdə üzmək onun ən sevimli məşğuliyyəti idi. Əslində, heç gündə qaralmırdı. Sonra maşına oturub bağa qayıdırdıq. Bu vaxt ərzində feldyeger rabitəsi külli miqdarda paketlər gətirirdi: Siyasi Büronun materialları, Moskvadan göndərilən yazışmalar, qəzetlər. Nahardan sonra o, daha dənizə getmir, oturub işləyirdi. Axşamlar bəzən bağda kino göstərirdilər, "Günün yenilikləri"nə və "Fitil" konojurnalına, yaxud Azərbaycan kinematoqrafçılarının çəkdiyi hansısa yeni filmə baxmağı xoşlayırdı. Onun istirahəti bundan ibarət idi - bir saat, saat yarım dənizdə çimmək, bir də kinoya baxmaq”.
İvanovun sözlərinə görə, Sov.İKP MK-nın baş katibi yay ərzində bir dəfə Livadiyada qonaqlıq təşkil edirdi: həmin vaxt Yaltada istirahətdə olan bütün rəhbər işçilər oraya yığışırdı. Bundan əlavə, baş katib sosialist ölkələrindən qonaq qəbul edəndə və ya hansısa məsələ birbaşa Azərbaycanla bağlı olanda Heydər Əliyev baş katibin iqamətgahına dəvət edilirdi.
"Mən Brejnevin Yaltadakı bağında onu necə qarşıladığının şahidi olmuşam, - deyə A.İvanov söhbət edir. - Açıq-aşkar görünürdü ki, bizi ayrı cür qəbul edirlər. Leonid İliç özü arvadı ilə birlikdə çıxır, Heydər Əliyevi qucaqlayıb öpürdü, hər şeydən hiss olunurdu ki, Brejnev onun gəlişinə ürəkdən şaddır".
Heydər Əliyev Moskvaya işləməyə gedəndən sonra yay istirahətini Azərbaycana səfərlə bir vaxta salmağa çalışırdı. Ailəlikcə Zuğulbada, MK-nın birinci katibi olanda yaşadığı həmin 5 nömrəli, taxtadan tikilmiş kottecdə qalırdılar. Hətta Siyasi Büronun üzvü olanda və SSRİ-də yüksək dövlət vəzifəsində işləyəndə də Moskvaya köçməzdən bir qədər əvvəl özünün tikdirdiyi Qonaq evində qalmağa razılıq verməmişdi. Qəribə təvazökarlıq idi!
Aleksandr İvanov Heydər Əliyevin Azərbaycana növbəti gəlişi zamanı şəhərkənarı iqamətgahda baş vermiş məzəli əhvalatı yada saldı:
“Mən bir qayda olaraq, onunla yanaşı üzürdüm. Mənə qədər belə şey olmamışdı. O, suya atılan kimi mən də dalınca cumurdum. O, susur, heç bir şey demirdi. Bəs nə edim? Mənim növbəmdir, onun təhlükəsizliyi üçün tam məsuliyyət daşıyıram. Zarafat deyil, dəniz, suiti... Ya da ki, ayağı qıc ola bilər. O, üzüb çox uzaqlara, ikinci dayazlığadək gedirdi, çünki təmiz suda üzməyi xoşlayırdı. Uzaqlara gedir, sonra sahilə paralel olaraq üzürdü. Kamran Bağırov (Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində H.Əliyevin varisi) üzməkdənsə tennis kortuna üstünlük verirdi, üzmək istəyəndə də katerə minirdi”.
Beləliklə, MK-nın birinci katibi Heydər Əliyevə katerlə gəzməyi təklif etdi. Kater böyük deyildi, gəzinti üçün nəzərdə tutulmuşdu. İkilikdə katerə mindilər, arxalarınca da cangüdən. Bağırov dedi: “Saşa, bəlkə lazım deyil? Biz özümüz öhdəsindən gələrik”. - “Olmaz”, - deyə İvanov cavab verdi və katerə qalxdı. Heydər Əliyev gülümsündü, bildirdi ki, mühafizə rəisini fikrindən döndərməyə çalışmaq faydasızdır - təlimat yol vermir! Onlar sahil boyunca DİN-in istirahət evinə tərəf üzdülər. Heydər Əliyev qəflətən: “Gəlsənə DTK-nın istirahıt evinə gedək, çoxdandır orada olmamışam”, - dedi. Hava çox gözəl, sahil isə adamla dolu idi: günəşin altında qaralır, çimir, dincəlirdilər. Heydər Əliyev Bağırovla birlikdə katerdən dənizə atılıb sahilə doğru üzməyə başladılar. İstirahət edənlər onları tanıdılar, hay-küy, çaxnaşma düşdü. Çimərlikdəkilər ora-bura qaçdılar. Bu mənzərəni gərək öz gözünlə görəsən: Siyasi Büronun üzvü və MK-nın birinci katibi çimərlik paltarında! Heydər Əliyev hamı ilə salamlaşır, görüşür, zarafatlaşırdı, çekistlərin çoxusunu dərhal tanıdı. İstirahət evinin direktoru Xəlilov da “Volqa”sında sahilə yan aldı. Bir sözlə, Heydər Əliyev camaatla söhbət etdi, nə cür yaşadıqları ilə maraqlandı. Qayıtmaq vaxtı idi. Katerə tərəf üzdülər, o isə işə düşmədi. Nə etməli? Xəlilovun “Volqa”sı hələ də sahildə idi. Dolayısı ilə bağa qayıtmaq qərarına gəldik.
“Yaş çimərlik geyimində maşına əyləşdik, - deyə Aleksandr Alekseyeviç gülümsünür. - Onlar ikisi arxada, mən isə sürücünün yanında. “Birinci” bağa yaxınlaşırıq, sürücü siqnal verir. Orada isə darvazalar bağlıdır, mühafizəçilər bilirlər ki, Heydər Əliyev Bağırovla dənizin sahilindədir... Siqnal verməkdə davam edirik. Milisioner çıxaraq əli ilə işarə edir ki, olmaz. Sonra diqqətlə baxıb məni çimərlik geymində qabaq oturacaqda görəndə özünü itirdi. Mən ona dedim: “Tez qapını aç!” Heydər Əliyeviç uğunurdu. Elə bu vaxt hava korlanmağa başladı. “Birinci” bağın sahil hissəsində adamlar yığışmağa başladı. Biz Moskvadan Bakıya öz maşınlarımızı, moskvalı sürücülərimizi gətirmişdik. Gördüm ki, sahildə bizim sürücülər, müavinim Viktor İvanoviç Nemuşkov, habelə Yura Kamayev durublar. Hamı intizarla dənizə baxır. Heydər Əliyeviç pıçıldadı: “Sakitcə yaxınlaşaq, onlar üçün sürpriz olsun”. Onlar bizə tərəf dönəndə, üzlərində həyəcan gördük. “Nə olub?”. Cavab verirlər ki, “İlham sizin dalınızca getdi”. Bax, onda ilk dəfə olaraq, Heydər Əliyevin söyüş söydüyünü eşitdim. Sən demə, İlham qonşuluqdakı “Gənclik” turist düşərgəsindən qayıq götürüb arxamızca gedib. Hava da qəflətən pisləşib. Heydər Əliyev Yuri Kamayevin üstünə düşdü, mən də özümüzünküləri danladım ki, necə ola bilər ki, oğlanı tək buraxıblar. Heydər Əliyeviç məndən soruşdu: “Nə edək?” Mən dedim: “Bu dəqiqə maşını Zuğulbaya sürüb, axtarmaq üçün kimisə göndərərik”. Birdən katerin səsini eşitdik, İlham geri qayıdırdı”.