Hollandiyada Azərbaycan diaspor təşkilatı mükafata layiq görülmüşdür
Bakı, 27 may (AZƏRTAC). Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi 15 nominasiyada uğurlu fəaliyyətinə görə seçilmiş şəxslərə, eləcə də qurumlara verilən “Altın Lalə” mükafatına layiq görülmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, “Altın Lalə” mükafatı hər il ölkənin holland və türk əhalisi arasından seçilmiş siyasətçi, idmançı, jurnalist, iş adamı və təşkilatlara uğurlu, səmərəli fəaliyyətinə görə təqdim edilir. Bu dəfə “İlin təşkilatı” mükafatı artıq 20 ildən çoxdur fəaliyyət göstərən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinə verilmişdir.
Əvvəl Soma kömür mədənində baş verən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Təqdimat mərasimində çıxış edən dərnəyin rəhbəri İlhan Aşkın bildirmişdir ki, təşkilat komitəsi 20 illik fəaliyyəti nəzərə alaraq onları bu mükafata layiq görmüşdür. O qeyd etmişdir ki, təşkilatımız tərəfindən görülən işlər barədə məlumat alan insanların sayı gündən-günə artır və insanların diqqətini daha çox cəlb edir. Biz də Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin idarə heyəti və üzvləri olaraq bu münasibətə layiq olmağa, təşkilatımızı Avropada, eləcə də dünyada daha nüfuzlu qurumlar sırasına çıxarmaq üçün əzmlə işləməyə çalışacağıq.
İlhan Aşkın mükafata görə başda “Altın Lalə” təşkilat komitəsinin rəhbəri Bülent Türker olmaqla hər kəsə öz təşəkkürünü bildirmişdir.
“Altın Lalə” müsabiqəsinin finalçıları 11 nəfərlik münsiflər heyəti tərəfindən seçilir. Mükafatın təqdimat mərasimi Haaqa şəhərində Opera Alyans Salonunda təntənəli şəkildə keçirilmişdir.