HOLLANDİYANIN DÖVLƏT TELEVİZİYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ İLƏ BAĞLI VERİLİŞ EFİRƏ GETMİŞDİR
Bu ölkədəki türk əsilli deputatların çıxışı xüsusi maraq doğurmuşdur. Onlar Türkiyə-Azərbaycan dostluq münasibətlərindən, Niderland Krallığında qardaş ölkələrimizlə bağlı keçirilən tədbirlərdə birgə fəaliyyətdən bəhs etmişlər.
Milli Məclisin deputatı, Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəri Elmira Axundova və ölkəmizin Niderland Krallığındakı səfiri Fuad İsgəndərov televiziya kanalına verdikləri müsahibələrində keçmiş SSRİ məkanında dinlərə qadağa qoyulması, müstəqillik əldə etdikdən sonra Azərbaycanda İslam dini ilə bərabər, digər xalqların dininə, dilinə, mədəniyyətinə hörmət edilməsi, Hollandya ilə Azərbaycan arasında dövlət səviyyəsində ikitərəfli əlaqələrin inkişafı barədə yerli tamaşaçılara dolğun məlumat vermişlər. Amsterdamda və Rotterdamdakı həftə sonu ana dili məktəblərindən, BAK-ın qurultayından, incəsənət ustalarımızdan Elza Seyidcahanın, Tünzalə Ağayevanın və Azərinin ifasında səslənmiş xalq mahnıları və caz musiqisindən fraqmentlər göstərilmişdir.
Holland türkoloq-alim Aleksandr de Grootun Azərbaycan həqiqətləri, tarixi, coğrafiyası, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri barədəki çıxışına verilişdə daha geniş yer ayrılmışdır. Professor Aleksandr de Groot Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini təhlil edərək dünyaya özlərini “məzlum və zavallı” xalq kimi qələmə vermiş ermənilərin mənfur niyyətləri - Azərbaycana qarşı apardıqları işğalçılıq siyasətinin əsas mahiyyəti barədə ətraflı danışmış, bəşər tarixinin ən qanlı hadisəsindən olan Xocalı faciəsinin erməni vəhşiliyinin ağlasığmaz cinayəti olması haqqında hərtərəfli məlumat vermişdir. O, Ermənistanı işğalçı dövlət adlandırmış, etnik təmizləmə siyasəti aparan erməni hərbi birləşmələrinin bir milyondan çox azərbaycanlını zor gücünə ata-baba torpaqlarından çıxararaq məcburi qaçqın və köçkünə çevirdiyini bildirmişdir.
Televiziyada ermənilər tərəfindən qətlə yetirilmiş Xocalı qurbanlarının xatirəsinə ölkənin inzibati mərkəzi Haaqada ucaldılmış abidədən görüntülər göstərilmişdir.
Ümumiyyətlə, Azərbaycan həqiqətlərini yayan və Ermənistanın işğalçılıq siyasətini ifşa edən belə bir verilişin Avropanın nüfuzlu ölkələrindən olan Niderland Krallığında efirə getməsi Azərbaycanın apardığı xarici siyasətin uğurundan və azərbaycanlıların bu ölkədə gündən-günə artan nüfuzundan xəbər verir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris