Hyustonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir
Hyuston, 16 dekabr (AZƏRTAC). Dekabrın 15-də Hyustondakı (Texas ştatı) Türkiyə Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan-Amerika Mədəniyyəti Alyansı (AACA) tərəfindən təşkil olunmuşdur.
Əvvəlcə tədbirin iştirakçıları dekabrın 14-də Massaçusets ştatının Nyutaun şəhərində törədilmiş kütləvi qətl qurbanlarının xatirəsini yad etmişlər.
Sonra uşaqlardan ibarət qrupun ifasında Azərbaycanın dövlət himni səsləndirilmişdir. Bazar günü məktəbinin şagirdləri Səməd Vurğunun “Azərbaycan” şeirini söyləmişlər.
Proqram azərbaycanlı uşaqların ifasında “Yeddi nar çubuğu” və “Turp” xalq nağıllarının motivləri əsasında hazırlanmış iki bədii teatr kompozisiyası ilə davam etdirilmişdir. Bu tamaşa Hyustondakı Azərbaycan məktəbinin ilk teatr layihəsidir və məktəb belə tədbirləri davam etdirmək niyyətindədir.
Proqram başa çatdıqdan sonra azərbaycanlı uşaqların və Hyustonda yaşayan, həmçinin bazar günü məktəbində dərs deyən həmvətənimiz, rəssam Pərvanə Əliyevanın rəsmləri nümayiş etdirilmişdir. Tədbirdə Texas ştatının müxtəlif şəhərlərindən gəlmiş yüz nəfərdən çox qonaq iştirak etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Hyuston