İnciçay ermənilər tərəfindən kəskin çirklənməyə məruz qalmışdır
Bakı, 22 noyabr (AZƏRTAC). Azərbaycanın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağından götürən İnciçay ermənilər tərəfindən kəskin çirklənməyə məruz qalmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a verilən məlumata görə, noyabrın 19-da Tapqaraqoyunlu kənd sakinləri tərəfindən onların yeganə su mənbəyi olan İnciçay çayında gündüz saat 14-15 radələrindən başlayaraq çay suyunun qatı köpüklə axdığı müşahidə olunmuşdur. Bu barədə ETSN-nin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilmişdir.
Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılmış və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görülmüşdür. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılmış və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınmışdır. Təhlillər göstərir ki, hidrokarbonatlı su qrupundan olan İnciçay çayının suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçmiş, suyun oksigen rejimi xeyli pozulmuşdur. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi maddələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də ammonium və metal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olmuşdur.
Hazırda su nümunələri üzərində kimyəvi analiz və araşdırmalar davam etdirilir.