İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda 2023-cü il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.
Həmçinin iclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələrin müzakirəsi aparılıb və görüləcək tədbirlər müəyyənləşdirilib.
Texniki komitənin fəaliyyətində iştirakla bağlı müraciətləri nəzərə alınaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və B.EST Solution MMC-nin nümayəndələri Texniki Komitəyə üzv qəbul edilib.