SİYASƏT
İNSANLARA SEVİNC BƏXŞ ETMƏK
Murmansk, 14 fevral (AZƏRTAC). Murmansk vilayətində yaşayan Azərbaycan diasporunun nümayəndələri Bakıdan gələn həmvətənlərini və böyük dostlarını, jurnalist və yazıçı Ramin Məmmədovu səmimiyyət və mehribanlıqla qarşılamışlar.
Murmansk Vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov AZƏRTAC-a bildirmişdir ki, səfər müddətində qonaq cəmiyyət üzvləri ilə görüşmüş, kitablarını onlara hədiyyə etmiş, taleyinin hökmü ilə tarixi vətənlərindən uzaq düşən soydaşlarımızın həyat və fəaliyyətinə dair gələcək yazıları üçün xeyli material toplamışdır. R.Məmmədovun yaradıcılığının əsasını bu mövzu təşkil edir.
Ramin Məmmədov Qəbələ rayonunda anadan olsa da, Rusiyanın şimal diyarına tez-tez gedir. Hərbi xidmətdən sonra bir neçə il Qərbi Sibirin məşhur neftçilər şəhəri olan Nijnevartovskda işləmişdir. Elə burada da keçmiş əsgər milis forması geyinmiş, çox keçmədən zabit rütbəsi almışdır. Sonra milis məktəbini və jurnalist kursunu bitirmişdir. Vətənə qayıtdıqdan sonra Qaradağ Rayonu polis bölməsinin sahə müvəkkili işləmiş, polis mayoru rütbəsi almışdır. Sülh, dostluq, mərhəmət, sevinc, xoşbəxtlik onun yaradıcılığının əsas mövzularıdır. R.Məmmədov uzun illərdir ki, Azərbaycan, Rusiya və MDB-nin digər ölkələrinin ziyalıları arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə məşğul olur və bu işini xalq diplomatiyası adlandırır. O, müxtəlif ölkələrdə elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində məşhur olan və ölkəmizdə az tanınan həmvətənlərimizin həyat və yaradıcılığı barədə materiallar toplayır və kitablar nəşr etdirir.