SİYASƏT
“İNSAYD MURMANSK” JURNALI AZƏRBAYCAN XALQI HAQQINDA
Murmansk. 17 yanvar (AZƏRTAC). Azərbaycan diasporunun nümayəndəsi, jurnalist Əlhüseyn Şükürov xəbər vermişdir ki, xeyli sayda azərbaycanlının yaşadığı Rusiyanın bu şəhərində “İnsayd Murmansk” jurnalının sınaq nömrəsi çapdan çıxmışdır. Jurnalda Azərbaycan xalqı, onun mədəniyyəti, ənənələri, müstəqil Azərbaycanın bugünkü həyatı barədə materiallar toplanmışdır.
“Yox olmuş xalq”, “Murmanskda beynəlxalq forum”, “Soyuq ölkələrin hərarətli dostluğu”, “Şimal miqrasiyaları palitrası”, “Möcüzə gözləyirəm...” və başqa məqalələr, heç şübhəsiz, oxucuların diqqətini cəlb edəcəkdir.
Əslən Azərbaycanın cənub bölgəsindən olan, hazırda Murmanskda yaşayan usta aşpaz Ramin Həbibov hər yerdə sevilən Azərbaycan mətbəxinin “sirrləri” barədə söhbət açır. O, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin xoşladığı Şərq mətbəxinin resepturası, milli xörəklərin hazırlanma texnologiyası barədə maraqlı söhbət açır, məsələn, tikə kabab bişirilməsi prosesini o qədər ustalıqla təsvir edir ki, Murmansk sakinlərinin çoxu bu ləziz təamı dadmaq istəyəcək və Murmanskda fəaliyyət göstərən “Əqrəba” restoranına tələsəcəklər. Yeri gəlmişkən, burada kababın süfrəyə verilməsi əsl şouya çevrilmişdir.
Rus və ingilis dillərində nəşr edilən “İnsayd Murmansk” jurnalı Murmansk vilayəti hökumətində, Murmansk şəhər Administrasiyasında, Norveç Krallığının Baş Konsulluğunda, İsveç və Finlandiya konsulluqlarında, həmçinin Rusiya-Norveç müştərək müəssisələrində yayılır. Oxucular “İnsayd Murmansk” jurnalını özəl müəssisələrdə, ticarət limanında, aeroportda, Vilayət Elmi Kitabxanasında, bir sıra mehmanxanalarda əldə edə bilərlər.
Pilot nömrəsi Sankt-Peterburqda 10.000 nüsxə tirajla çap edilmişdir.