İqor Nazaruk: Azərbaycanla Belarus arasında əlaqələr tarixi köklərə və dostluq ənənələrinə əsaslanır
Kiyev, 13 iyun, AZƏRTAC
Belarus Xarici İşlər Nazirliyində Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və fotosərgi keçirilib, 30 illik yubileyə həsr olunmuş birgə poçt markasının təsdiqlənməsi mərasimi keçirilib.
Ölkəmizin Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə yanaşı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin də qeyd edildiyini xatırladıb. O, Azərbaycanın inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri olduğunu, hazırda onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Azərbaycanla Belarus arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə, eləcə də yüksək etimada əsaslandığını, son 30 ildə münasibətlərin bir çox istiqamətlər üzrə dinamik inkişaf etdiyini diqqətə çatdıran nazir müavini bu əməkdaşlığın möhkəm hüquqi baza formalaşdırdığını bildirib. İki ölkə arasında nəinki ikitərəfli formatda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək ənənəsinin davam etdirildiyini vurğulayıb. İ.Nazaruk əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Sonra çıxış edən səfir Ülvi Baxşəliyev 30 il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin bütün sahələr üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Diplomat prezidentlər arasında fəal siyasi dialoqun Azərbaycan-Belarus əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin etdiyini vurğulayın O, ikitərəfli əlaqələrlə yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə əməkdaşlığın genişləndiyini bildirən diplomat bu ilin mayında Bakıda keçirilən Azərbaycan-Belarus Hökumətlərarası İqtisadi əməkdaşlıq Komissiyasının iclası çərçivəsində aparılan müzakirələrin və əldə olunan razılaşmaların qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
İki ölkə arasında mədəniyyət, təhsil, idman, turizm və digər humanitar sahələrdə yüksək səviyyədə əməkdaşlığa nail olunduğu, həmçinin Azərbaycan və Belarusun 11 rayonu arasında qardaşlaşmış şəhərlər və tərəfdaşlıq əlaqələri yaradıldığı diqqətə çatdırıb.
Eyni zamanda, səfir iki ölkə arasında 146 sənədin imzalanmasına istinad edib, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra səfirliyin təşəbbüsü ilə Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlaqədar hazırlanmış poçt markalarının rəsmi təsdiqlənmə mərasimi baş tutub. Səfir Ü. Baxşəliyev, Belarus xarici işlər nazirinin müavini İ.Nazaruk və Rabitə və İnformasiyalaşdırma nazirinin müavini Pavel Tkaç bununla bağlı müvafiq sənədləri təsdiqləyiblər.
Sonda iştirakçılar Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev