İsa Həbibbəyli: “Heydər Əliyev İli” çərçivəsində AMEA-da 30 kitab çap olunub
Bakı, 13 iyul, AZƏRTAC
AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın nəşrləri haqqında olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə bir sıra əsərlər nəşr olunub. Əsasən AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, eləcə də akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə 30 kitab çapdan çıxıb, bir neçə əsər çap ərəfəsindədir, ilin sonunadək daha bir sıra kitab nəşr olunacaq. “Heydər Əliyev İli”ndə çap olunan kitablar fundamental elmi tədqiqatlardan ibarətdir.
Sonra AMEA Rəyasət Heyəti aparatının elmi katibi, filologiya elmləri doktoru Sərxan Xavəri “Heydər Əliyev İli” çərçivəsində çap olunan kitabların siyahısını təqdim edib.
İclasda AMEA rəhbəri tərəfindən Rəyasət Heyətinin üzvlərinə, elmi bölmələrə, elmi müəssisə və təşkilatlara nəşri nəzərdə tutulan materialların vaxtında hazırlanması və çapı istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi tapşırılıb.