İQTİSADİYYAT
İşğaldan azad edilmiş ərazilərimizin potensialı ÜDM-nin dəyərinin artmasına səbəb olacaq - ŞƏRH
![İşğaldan azad edilmiş ərazilərimizin potensialı ÜDM-nin dəyərinin artmasına səbəb olacaq - ŞƏRH](/files/2023/3/1200x630/16940867744110123279_1200x630.jpg)
Bakı, 7 sentyabr, AZƏRTAC
Sakinlərin işğaldan azad olunmuş ərazilərə sürətli köçürülməsi davam edir. Dövlətimiz bu prosesi düşünülmüş və rasional siyasi konsepsiyalar əsasında reallaşdırır.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib. O qeyd edib ki, Böyük Qayıdışın həyata keçirilməsi üçün dövlət bölgədə mühüm işlər görüb. Belə ki, iqtisadi potensialın və imkanların reallaşdırılması, xüsusilə bölgə əhalisinin məhsullara tələbatının ödənilməsinə, burada aqrar bölmənin məhsullarının emalı sahələrinin inkişafına, ən əsası isə ölkəmizdə ərzaq təhlükəsizliyinin yüksəlməsinə əlverişli şərait yaradılır.
Tural İsmayılov əlavə edib ki, Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Ekspert bildirib ki, Böyük Qayıdışın reallaşdırılması, eyni zamanda, Azərbaycan iqtisadiyyatına yeni daxilolmalar cəlb edəcək.
STM-in sektor müdiri vurğulayıb ki, işğaladək bu ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm rola malik idi. Burada əsasən yeyinti, yüngül, tikinti materialları kimi sənaye sahələri güclü inkişaf tapmışdır. İşğaladək bu ərazilərin sənaye sahələri arasında daha güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət daşıyırdı.
Beləliklə, işğaldan azad edilmiş torpaqlarımızın potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkə ÜDM-nin dəyərinin artmasına, qeyri-neft sektorunun inkişafı ilə bağlı proqnozları yaxşılaşdırmaq istiqamətində dəqiqləşdirməyə, ölkənin ərazi əmək bölgüsündə bölgənin yerini və payını yüksəltməyə, bölgədə istehsal olunan malların və xidmətlərin rəqabət qabiliyyətini təmin etməyə böyük imkanlar yaradacaq.