İSLAM KONFRANSI TƏŞKİLATI KANA FACİƏSİNİN BEYNƏLXALQ TƏHQİQİNİ TƏLƏB ETMİŞDİR
İKT müvafiq xahişlə BMT İnsan Hüquqları Şurasına müraciət etməyi qərara almışdır.
İKT-nin sədri, Malayziyanın Baş naziri Abdulla Əhməd Badavi demişdir ki, əksəriyyəti qadın və uşaqlar olan günahsız insanların qırılması onu dərindən sarsıtmışdır.
İKT ölkələrinin hökumətləri bildirmişlər ki, onlar Kana faciəsini İsrail tərəfindən dövlət terrorizmi aktı və bütün humanizm və beynəlxalq hüquq normalarına zidd olaraq törədilən hərbi cinayət kimi qiymətləndirirlər.
Pakistanın Baş naziri Şövkət Əziz əsas iştirakçıları Livan, İsrail və Fələstin olan Yaxın Şərq münaqişəsinin üçtərəfli nizamasalma planını təklif etmişdir. Onun fikrincə, bu ölkələrin vətəndaşları sırasından minlərlə məhbusun dərhal buraxılması və qarşılıqlı surətdə təhvil verilməsi problemin həllinin bir hissəsi olmalıdır.
Pakistan nümayəndə heyəti başçısının təklifi növbədənkənar sessiyada avqustun 3-də qəbul edilmiş Fələstinə dair Putracayya Bəyannaməsinə daxil edilmişdir. Bəyannamədə Fələstin Nazirlər Kabineti üzvlərinin və bir qrup Fələstin məmurunun İsrail tərəfindən oğurlanması və girov saxlanılması pislənilir və İsrail həbsxanalarına salınmış bütün fələstinli məhbusların təxirə salınmadan və qeyd-şərtsiz azad edilməsi tələb olunur.