İsmail Serageldin: Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir
Gəncə, 8 iyun, Gülay Nəzərova, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı beynəlxalq tədbir öz işini iyunun 8-də Gəncə şəhərində davam etdirib.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Sonra Gəncə Dövlət Filarmoniyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında əsərlər nümayiş olunub.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov zəngin tarixi keçmişi olan şəhər barədə məlumat verib, dövlət maraqlarının və təməl prinsiplərinin qorunması, milli dövlət ideologiyası, vahid milli məfkurə kimi dəyərlərin tarix boyu bu şəhərin simasını formalaşdıran əsas amillər olduğunu qeyd edib. Gəncə şəhərinə istər Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də Prezident İlham Əliyev tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxışında görkəmli şairin həyat və yaradıcılığına dair maraqlı faktlardan bəhs edib. Bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Daha sonra çıxış edən ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tüveycri və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır görkəmli şairin həyat və yaradıcılığına dair maraqlı faktlardan danışıblar. Qeyd edilib ki, görkəmli şair Nizami Gəncəvi böyük bir xəzinə olub, dünya hələ də bu müdrik şairdən çox şey öyrənir.
Sonda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Mərkəzin nəşri olan “Qələmin Sehri - Nizami Gəncəvinin “Xəmsəsi”ndən seçilmiş əlyazmalar” kitabının xüsusi nəşrini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim edib.