İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” təşkil olunub
İsmayıllı, 30 iyun, AZƏRTAC
İyunun 30-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib.
Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərindən söz açıb. Nazir müavini peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib.
İdris İsayev peşə təhsilinin ölkəmizin iqtisadiyyatına, davamlı sosial-iqtisadi inkişafına, səriştəli mütəxəssislərin yetişməsinə töhfə verməsi üçün peşə təhsil müəssisələrinin müasir infrastrukturla təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Nazir müavini çıxışının sonunda 2020-2021-ci tədris ilinin məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Çıxışlarda bildirilib ki, cari tədris ili üzrə mərkəzdə 140 tələbə məzun olub və onlardan 12-si müvafiq müəssisələrdə işlə təmin edilib.
Tədbirdə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, mərkəzin yaxından əməkdaşlıq etdiyi işəgötürən qismində çıxış edən şirkət nümayəndələri, fəxri məzunlar, müəllim və valideyn kollektivi iştirak ediblər.
Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsini 13 min 300-dən çox məzun bitirib.