İsmayıllı rayon sakininin yaşadığı evdə narkotik vasitə və odlu silah aşkarlanıb
Bakı, 5 fevral, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və müvafiq sənədləri olmadan odlu silah saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Niyaz Adıgözəlov saxlanılıb.
Axtarış zamanı ondan 1,6 qram qurudulmuş marixuana aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan şüşə qablarda, karton qutularda və sellofan torbalarda çətənə bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi 3 kiloqram 511 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.