İQTİSADİYYAT
“İxrac icmalı”nın sentyabr sayının ilkin rəqəmləri açıqlanıb




Bakı, 8 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayına əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 2,2 milyard ABŞ dolları təşkil edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac 571,4 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 faiz, şəkər ixracı 17,9 faiz, meyvə-tərəvəz ixracı isə 7,4 faiz artıb.
Həmin dövr ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 faiz artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.
Cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dolları olub. Bunun da 51,4 milyon ABŞ dollarını (10,3 faiz artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.