İyulun 15-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçki keçiriləcək
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə Seçki Komissiyasının “Zoom” platforması vasitəsilə iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn iclasda İctimai Şuraya seçkilərin keçirilməsi üzrə komissiyanın nazirliyin əmri ilə təsdiqlənmiş üzvləri iştirak ediblər.
Komissiyanın sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu günədək nazirliyin yanında yalnız Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərib. O, nazirliyin iki dövlət siyasətini icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə həmin sahələri təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulayıb. Həmçinin “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, seçkinin tam şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanların yaradılacağını qeyd edib.
Komissiyanın üzvləri İctimai Şuranın nazirliyin fəaliyyətində önəmli yer tutacağını və onun fəaliyyəti üçün bütün texniki imkanların yaradılmasının zəruriliyini vurğulayıblar.
İclasda seçki ilə bağlı görülmüş işlər, namizədlər və təmsilçilər, səsvermə gününün təyin olunması, seçkilərin təşkili və digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasda 47 nəfərin namizədliyinin irəli sürüldüyü, bunlardan 43-nün qeydiyyata alındığı bildirilib. Üç nəfərin sənədləri tam qaydasında, bir nəfərin isə müvafiq sahə üzrə təcrübəsini təsdiq edən məlumatlar olmadığından onların namizədlikləri qeydiyyata alınmayıb.
Məlumat verilib ki, seçki iyulun 15-də saat 10:00-dan 14:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük zalında keçiriləcək. İctimai Şuranın 15 nəfərdən ibarət tərkibdə formalaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etmək olub. İndiyədək İctimai Şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə iş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcək.