MƏDƏNİYYƏT
“Jara-2018” festivalı çərçivəsində Valeri Meladzenin yaradıcılıq gecəsi keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu günündə Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, səhnəyə çıxan müğənni yaradıcılıq gecəsinin Bakıda keçirilməsindən çox şad olduğunu bildirib və populyar mahnılarını səsləndirib. Onun ifaları, Ani Lorak, Diana Arbenina, Qriqori Leps, Albina Canabayeva və başqaları ilə duetləri, EMIN və Vera Brejnevanın dueti, MBAND, A`Studio, Artik & Asti qruplarının, Danil Buranovun, Timur Rodrigezin və digər müğənnilərin Valeri Meladzenin repertuarından mahnıları səsləndirməsi festivalın sevgi, musiqi dolu hərarətini daha da artırıb.
Qeyd edək ki, festivalın sonuncu gününün konsertində Aygün Kazımova, Vaxtanq Kikabidze, Aleksandr Marşal, MBAND, Albina Canabayeva, Anjelika Aqurbaş, Vera Brejneva, Soso Pavliaşvili, Timur Rodrigez, Diana Arbenina, İrina Dubtsova, Lyubov Uspenskaya, Lolita və digər məşhur müğənnilər ifaları ilə tamaşaçılara xoş anlar yaşadıblar.