Kaliforniyada Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Vaşinqton, 23 mart, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Kosta-Mesa şəhərindəki “Orance County Hilton” otelində Novruz bayramına həsr edilmiş təntənəli gecə olub. Amerika Azərbaycan Cəmiyyətinin (ASA) qərb bölməsinin təşkil etdiyi tədbirdə Cənubi Kaliforniyanın Azərbaycan icmasının təqribən 250 üzvü iştirak edib. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Ed Roys, Orinc dairəsinin İrvayn şəhərinin meri Stiven Çoy, Faunten-Veli şəhərinin meri Stiv Neyql qonaqlar arasında olublar. Onlar tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik ediblər. Bu yaxınlarda Bakıda olan konqresmen E.Roys çıxışında regionda Azərbaycanın əhəmiyyətli rolunu vurğulayıb.
ABŞ Konqresinin üzvlərinin yerli nümayəndələri Loretta Sançeza və Deynı Rorabahera Azərbaycan icmasının üzvlərinə Novruz bayramı münasibətilə təbrik sertifikatları təqdim ediblər. ABŞ Konqresinin üzvü Mimi Uolters, Kalifiorniya ştatının senatoru Bob Haffa və ştatın Orinc dairəsinin Müşahidə Şurasının nümayəndələri Todd Spitser və Liza Barletin ofisləri də təbriklər göndəriblər.
Gecənin rəsmi hissəsi başa çatandan sonra müğənni Novruz Məmmədov, musiqiçilər Fuad Cavadov və Rəhman Əsədollayinin iştirakı ilə konsert olub.
Tədbir zamanı bayramın təşkilində təşkilati səylərinə görə Amerika Azərbaycan Cəmiyyətinin adından Azərbaycan diasporunun üzvlərinə təşəkkür edilib. Tədbir Cənubi Kaliforniyanın Azərbaycan icmasının bir sıra üzvlərinin və AZPROMO-nun maliyyə dəstəyi keçirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton