Karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Qəbələdə 68 mobil qrup yaradılıb
Qəbələ, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə maarifləndirmə və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən 68 mobil qrup yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi və infeksiyaya yoluxma hallarının baş verməməsi üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində sakinlər arasında geniş təbliğat və maarifləndirmə işləri aparırlar.
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Qəbələ şəhərinin prospekt və küçələrində, yaşayış məhəllələrində, qəsəbə və kəndlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir.