KOB-lar məşğulluğun təmin edilməsində əhəmiyyətli rol oynayır
Bakı, 9 sentyabr, AZƏRTAC
KOBİA rəhbərliyi işçilərinin 90 faizə yaxını qadınlardan ibarət olan tekstil müəssisəsinin fəaliyyəti ilə tanış olub, ölkəmizdə bu sektorun inkişafına dair sahibkarla fikir mübadiləsi aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qaraçuxur qəsəbəsində yerləşən tekstil müəssisəsinin fəaliyyəti ilə tanış olub. Görüşdə sahibkarla ölkəmizdə tekstil sahəsinin inkişafına, müəssisənin inkişaf ehtiyaclarına və ixrac imkanlarına dair fikir mübadiləsi aparılıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “Azani tekstil” 2000-ci ildən fəaliyyət göstərir. Müəssisədə uşaq, idman geyimləri və digər tekstil məhsulları istehsal olunur. Müəssisə qadınların məşğulluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verir. Burada çalışan 100-dən çox işçinin 90 faizə yaxını qadınlardır.