KONKRET TƏDBİRLƏR MÜƏYYƏN EDİLMİŞDİR
P.Bülbüloğlu vurğuladı ki, Rusiya ərazisində yaşayan və işləyən Azərbaycan vətəndaşlarının taleyi ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısı bu yaxınlarda Moskvaya səfəri zamanı həmin məsələni Rusiya rəhbərliyi ilə ən yüksək səviyyədə müzakirə etmişdir. Prezident İlham Əliyev Rusiyada əmək fəaliyyəti ilə məşğul olan həmvətənlərimizə yardım göstərilməsi üçün dövlət komissiyası yaradılması haqqında sərəncam vermişdir.
Nazim İbrahimov dedi ki, xaricdəki həmvətənlərimizin hüquq və mənafelərinin qorunması ölkəmizin dövlət siyasətinin öncül istiqamətlərindən biridir və Azərbaycan Prezidenti bu məsələyə xüsusi əhəmiyyət verir. O bildirdi ki, Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlığa hazırdır və ölkələrimiz arasında qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirir. Rusiyadakı həmvətənlərə yardım göstərilməsi üzrə dövlət komissiyası Prezidentin Sərəncamını icra etmək üçün fəal işə başlamışdır. Məsələn, Azərbaycanda operativ qərargahlar yaradılmış, habelə Rusiya paytaxtında operativ reaksiya qərargahı yaradılması barədə ÜAK-ın təşəbbüsü dəstəklənmişdir.
Müzakirə zamanı qərara alınmışdır ki, Moskvada bu qərargaha Konqresin icraçı direktoru Eldar Quliyev başçılıq edəcəkdir. Qərargaha səfirliyin, Azərbaycan Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də daxil olacaqlar. Bu cür qurumlar Rusiyanın regionlarında da yaradılacaqdır.
N.İbrahimov həmçinin bildirdi ki, dövlət komissiyasının üzvləri müntəzəm olaraq Moskvaya gələrək vəziyyəti nəzarətdə saxlayacaq, həmvətənlərimizə kömək göstərəcəklər.
Müşavirədə qeyd olundu ki, Azərbaycan Rusiya hökumətinin ölkə ərazisində qayda-qanun yaratmaq niyyətini başa düşür. XİN-də görüş zamanı xarici işlər nazirinin müavini Qriqori Karasin bildirmişdir ki, bu tədbirlər Azərbaycana qarşı yönəldilməyib, miqrasiya proseslərini tənzimləmək və həmin məsələni hüquqi məkana qaytarmaq xarakteri daşıyır.
ÜAK-ın regional şöbələrinin nümayəndələri yaranmış vəziyyətin yaxşılaşmasına yönəldilmiş bir sıra faydalı fikir və təkliflər irəli sürdülər. Misal üçün, indiyədək ticarət sahəsində çalışan həmvətənlərimizin peşə ixtisasının dəyişdirilməsinin vacibliyindən, onların bir hissəsini boş qalan torpaqlarda kənd təsərrüfatı işlərinə göndərilməsinin mümkünlüyündən və digər məsələlərdən danışıldı.