SİYASƏT
Könül Nurullayeva AŞPA-nın “Nifrətə yox” Parlament Alyansına üzv seçilib
Bakı, 3 dekabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi bu tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva təmsil edib. Milli Məclisin deputatı "Əlilliyi olan şəxslərin inklüzivləşdirilməsi istiqamətində innovasiyaların təşviqi", "Əlilliyi olan qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə" mövzularında aparılan müzakirələrdə, həmçinin AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin tərkibində yaradılmış "Nifrətə yox" Parlament Alyansının "Nifrət nitqi ilə mübarizə: qurbanlara dəstək tədbirləri - parlamentarilərin rolu"na həsr olunmuş iclasında iştirak edib və fikirlərini bölüşüb.
K.Nurullayeva son illərdə baş verən bir sıra qlobal böhranlar, xüsusilə COVID-19 pandemiyası ilə əlaqədar əlillərin üzləşdiyi mövcud bərabərsizliklər və ayrı-seçkilik barədə danışaraq, əlillərin funksional imkanlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş müxtəlif innovativ proqramların, köməkçi texnologiyaların tətbiqinin və inkişafının önəmini qeyd edib.
Milli Məclisin deputatı AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin rəhbərliyi altında yaradılan “Nifrətə yox” Parlament Alyansına üzv seçilib.