Könül Nurullayeva: Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalıdır
Bakı, 23 aprel, AZƏRTAC
Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşınının minaya düşməsi nəticəsində 3 azərbaycanlı hərbçinin yaralanması ermənilərin mina terrorunun davam etdiyini göstərir. Bu, Ermənistanın Azərbaycanın suveren ərazisində törətdiyi hərbi təxribatların tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.
Deputatın sözlərinə görə, görünən budur ki, erməni tərəfi təminat yollarımıza məqsədli şəkildə minalar döşəyir. Bu minaların da 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Eyni zamanda, əraziyə baxış zamanı tank əleyhinə bir neçə ədəd və piyada əleyhinə isə xeyli sayda mina aşkar edilib.
Təsadüfi deyil ki, azad edilmiş ərazilərdə bu il təmizlənmiş 7944 hektar ərazidə 3878 mina aşkarlanıb.
"Aprel ayında digər mina hadisəsi Laçında baş verdi və nəticədə bir nəfər mülki şəxs xəsarət aldı. Araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan əraziləri mina və digər partlayıcı sursatlarla qəsdən çirkləndirməsi mina terrorunun bariz nümunəsidir", - deyə K.Nurullayeva vurğulayıb.
Bir müddət əvvəl Kəlbəcərdə mina terroru nəticəsində Azərbaycanın iki media nümayəndəsinin həlak olduğunu xatırladan K.Nurullayeva bildirib ki, müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərimizdə mina partlayışından 300-ə yaxın insan həlak olub və ya xəsarət alıb. Lakin təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansı təzyiq və ya çağırış edilməyib.
"Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib, işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib.
Beynəlxalq təşkilatların toplantılarında da diqqətə çatdırılıb ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən heçə sayılır. Sonuncu Konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi və piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Erməni hərbçiləri də dəfələrlə Azərbaycan ərazilərində mina basdırdıqlarını etiraf ediblər. Müharibədən sonra Gümrüdə istehsal edilən minalar ərazilərimizdə basdırılır. Məqsəd postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə bais olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına maneə yaratmaqdır”, - deyə deputat qeyd edib.
Könül Nurullayevanın sözlərinə görə, Azərbaycan haqlı olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir. Beynəlxalq ictimaiyyət bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidir.
Deputat bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.