Koronavirusun “delta” ştamı 96 ölkədə aşkar edilib
Bakı, 30 iyun, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, narahatçılıq doğuran variantlara aid edilən koronavirus ştamlarının yayılması davam edir.
AZƏRTAC ÜST-nin həftəlik epidemiya bülleteninə istinadla xəbər verir ki, 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkar olunan “alfa” ştamı iyunun 29-na olan məlumata görə 172 ölkədə (bir həftə əvvəl 170 ölkə) yayılıb. Əvvəlcə Cənubi Afrika Respublikasında aşkar edilən “beta” variantı, hazırda 120 dövlətdə dövr edir, hərçənd ki, bir həftə əvvəl ölkələrin sayı 119 idi. Sentyabr ayında Braziliyada aşkar edilən “qamma” ştamı, yeddi gün ərzində coğrafiyasını 71-dən 72 dövlətə genişləndirib. Öz növbəsində Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabrından bəri mütəxəssislərə məlum olan "delta" variantı bir həftə ərzində 11 yeni ölkəyə nüfuz edib və hazırda onun mövcud olduğu ölkələrin sayı 96-ya çatıb.
ÜST-nin bülletenində vurğulandığı kimi, bəzi ölkələrdə koronavirusun variantlarının müəyyənləşdirilməsi imkanlarının məhdud olduğu üçün “delta” variantının mövcud olduğu dövlətlərin sayının daha çox olması istisna deyil. ÜST-nin bülletenində bildirilir ki, bir sıra ölkələr yoluxma və xəstəxanaya yerləşdirmə hallarının artımının səbəbini “delta” ştamının mövcud olması ilə izah edirlər. ÜST-nin ekspertləri proqnozlaşdırırlar ki, koronavirusun bu variantının, onun daha yüksək yoluxma qabiliyyəti nəzərə alınmaqla, yaxın aylarda SARS-CoV-2-nin "digər variantlarını sürətlə aşması və dominant varianta çevrilməsi gözlənilir".