Krımda ilboyu işləyəcək rekreasiya kompleksi inşa ediləcəkdir
Kiyev, 30 yanvar (AZƏRTAC). Belarusdan olan investor Ukraynanın Krım Muxtar Respublikasının (KMR) Çernomorski rayonunda ilboyu fəaliyyət göstərəcək rekreasiya-sağlamlıq kompleksinin tikintisi üzrə investisiya layihəsini həyata keçirməyi planlaşdırır.
AZƏRTAC KMR Nazirlər Şurasının informasiya siyasəti idarəsinə istinadla xəbər verir ki, bu mövzu Krım Muxtar Respublikası hökumətinin başçısı Anatoli Moqilyovun rəhbərlik etdiyi sanatoriya-kurort sahəsində investisiya layihələrinin həyata keçirilməsi üzrə Şuranın iclasında müzakirə olunmuşdur.
“Belstroyinvest” MMC-nin rəhbəri Yuri Kozak bildirmişdir ki, Çernomorski rayonunda layihənin həyata keçirilməsi üçün təxminən 9 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmalıdır. Bu məbləğin 2,5 milyon qrivnasını (1 ABŞ dolları 8,50 qrivnaya ekvivalentdir - AZƏRTAC) bu il sərf etmək planlaşdırılır. 200 yerlik rekreasiya kompleksində Belarusun Svetloqorsk dəmir-beton məmulatlar və konstruksiyalar zavodunun işçiləri də istirahət edəcəklər.
Burada “şəhər içində şəhər” prinsipi üzrə müasir sağlamlıq bazası, müvafiq infrastruktur, o cümlədən müasir hovuzlar, idman bazası, restoran və kafelər şəbəkəsi, konfrans zalları yaradılması nəzərdə tutulur. Kompleksdə 70 iş yeri açılacaqdır. Layihənin həyata keçirilmə müddəti 2-2,5 il olacaqdır.
A.Mogilyov vurğulamışdır ki, Ukrayna Prezidenti Viktor Yanukoviç aidiyyəti üzrə bütün idarələrə bu layihənin investorlarına maksimum kömək göstərməyi tapşırmışdır.
Əlverişli investisiya şəraiti yaradılması prezidentin əsas təşəbbüslərindən biridir. O demişdir: “Hamımız başa düşürük ki, hakimiyyətin vəzifəsi investorlara maksimum kömək göstərməkdir. İnvestisiyalar - kapital qoyuluşu, Krım sakinləri üçün iş yerləri yaradılması, büdcəyə pul daxil olması deməkdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev