MƏDƏNİYYƏT
Kruiz səfərlərinin təşkilinə həsr edilən seminar-treninq keçirilmişdir
Bakı, 31 iyul (AZƏRTAC). “Millennium Tourism & Congress DMC” turizm şirkətinin təşkilatçılığı ilə Azərbaycanın turizm şirkətləri üçün kruiz səfərlərinin təşkilinə həsr edilmiş seminar-treninq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə turizm şirkətlərinin nümayəndələrinə dəniz gəzintiləri barədə məlumatları əks etdirən “Cruising for excellence” proqramı haqqında məlumat verilmişdir.
“Millennium Tourism & Congress DMC”-nin direktoru Ruslan Quliyev bildirmişdir ki, hələ cari ilin fevralında Rusiyanın kruiz səfərlərinin təşkili ilə məşğul olan “İNFLOT Cruise & Ferry” şirkətinin Bakıda təqdimatı keçirilmişdir. Həmin təqdimatda “Millennium Tourism & Congress DMC” adıçəkilən şirkətin Azərbaycandakı təmsilçisi elan edilmişdir. Şirkətin bu istiqamətdə əsas işi “İNFLOT Cruise & Ferry”nin ölkəmizdə fəaliyyətini koordinasiya etmək və vətəndaşlarımızı turizmin bu növü ilə məlumatlandırmaqdan ibarətdir. İlk seminar da məhz bu məqsədlə təşkil edilmişdir.
“Millennium Tourism & Congress DMC”-nin əməkdaşı Yuliya Konoplyanko dəniz turlarının təşkili və həyata keçirilməsi ilə məşğul olan “Royal Caribbean International”, “Celebrity Cruises”, “Azamara Club Cruises”, “Pullmantur”, “Costa Cruises” və “Norwegian Cruise Line” turizm şirkətləri haqqında məlumat vermişdir.
Kruizlərin qiymətləri, səfər müddətində göstərilən xidmətlər, turların sifarişi və ödənişlər, nəzərdə tutulan bonuslar, səfər günlərində uşaqlar və böyüklər üçün əyləncəli proqramlar və digər məsələlər haqqında danışan şirkət nümayəndəsi daha sonra diqqəti menecerlərin kruiz səfərləri ilə bağlı paketlərin satışı zamanı qarşılaşdıqları problemlərə yönəltmişdir. Bildirmişdir ki, kruiz bir qədər fərqli turizm məhsulu olmaqla, özündə bir çox nüansları birləşdirir. Azərbaycan vətəndaşları turizmin bu istiqaməti ilə yaxından tanış deyillər. Kruiz səfərlərinin təşkili ilə məşğul olan şirkətlər müxtəlif xidmətlər təklif edirlər ki, bununla bağlı turistlərə mütləq dolğun və dəqiq məlumat verilməlidir.
“İNFLOT Cruise & Ferry” şirkəti barədə məlumat verən Yuliya Konoplyanko bildirmişdir ki, qurum dünyanın demək olar ki, bütün sahilyanı ölkələrinə səfərlər təşkil edir. Şirkət 1934-cü ildən fəaliyyət göstərən “İNFLOT Worldwide” şirkətlər qrupuna daxildir. Qrupun dünyanın 160 dəniz limanında ofisləri vardır. Şirkət Beynəlxalq Kruiz Təşkilatları Assosiasiyasının üzvüdür.
Sonra çıxışlar ətrafında fikir mübadiləsi aparılmışdır.