Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub
Bakı, 1 fevral, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-180 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 46 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 1, Şirvanda 10, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 480 sm, Şirvanda 365 sm, Salyanda 325 sm, Bankədə 240 sm, Araz çayının Novruzlu məntəqəsində isə 213 sm təşkil edir.