Latviya hökuməti rusdilli məktəblərdə tədrisin latış dili ilə əvəzlənməsi təklifini bəyənib
Riqa, 6 dekabr, AZƏRTAC
Latviya hökuməti milli azlıqların məktəblərində tədrisin latış dilinə keçilməsi barədə Təhsil və Elm Nazirliyinin təklifini dekabrın 5-də konseptual olaraq dəstəkləyib.
Təhsil və Elm Nazirliyinin milli azlıqların məktəblərində tədrisin dövlət dilində aparılması barədə məruzəsində deyilir ki, bu islahat 2021-2022-ci illər tədris ilində tətbiq ediləcək. İslahat məktəbəqədər təhsilin bilinqval həyata keçirilməsini nəzərdə tutur. İbtidai olan 1-6-cı siniflərdə üç ikidlli tədris modelindən istifadə olunacaq, 7-9-cu siniflərdə fənlərin 80 faizi, 10-12-ci siniflərdə bütün tədris yalnız latış dilində aparılacaq.
Məruzədə bildirilir ki, islahat layihəsi 2018-ci il fevralın 1-nə qədər ictimai müzakirəyə çıxarılmalı, təsdiq edilməsi üçün aprelin 30-na qədər hökumətə təqdim olunmalıdır.
Latviyanın Baş naziri Maris Kuçinskis nazirliyin bu təklifini aydın, ardıcıl və başa düşülən təklif adlandırararaq vurğulayıb: "İslahatın gedişində təhsilin keyfiyyət göstəricilərinə diqqəti zəiflətmək olmaz".
Təhsil və elm naziri Karlis Şadurskis öz tərəfindən bildirib ki, bu islahat sayəsində Latviyada latış dilinin mövqeləri addım-addım möhkəmlənəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa