Lənkəran rayon sakinini elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 1 iyul, AZƏRTAC
İyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən Lənkəran rayon sakini Kitabə Quliyevanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Lənkəran elektrik şəbəkəsinin balansındakı qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olduğu, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.