LƏNKƏRANDA XİLASETMƏ İŞLƏRİ DAVAM EDİR
Qəza zamanı yaralanmış 17 nəfər şəhər xəstəxanasına çatdırılmışdır. Onlardan 2 nəfəri tibbi yardım göstərildikdən sonra evə buraxılmış, 2 nəfərin üzərində ağır cərrahiyyə əməliyyatı aparılmışdır. Yaralılardan 3 nəfəri dünyasını dəyişmişdir. Qəza yerində aparılan axtarış zamanı uçqunlar altından daha 3 nəfərin meyiti tapılmışdır.
X X X
Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin 70 nəfərdən ibarət xilasedicilər dəstəsi hadisə yerinə gəlmişdir. Dəstənin rəhbəri, idarənin rəis müavini polkovnik Elxan Cəbiyev bildirmişdir ki, xilasetmə işlərində xüsusi “Pelenq” aparatlarından istifadə olunur. Yanvarın 30-da səhər uçuqlar altından sağ qalmış bir qadını – Təranə Qəmbərovanı xilas etmişlər. O, həmin binada yaşayan qohumuna ev əşyalarının daşınmasında kömək edərkən qəzaya düçar olmuşdur. Mərkəzi xəstəxanaya çatdırılan T.Qəmbərovanın səhhəti qənaətbəxşdir.
Qəza yerində xilasetmə işləri davam etdirilir.