Lütfi Zadə nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir
Siyəzən, 4 fevral, Elxan Yusifli, AZƏRTAC
Görkəmli elm xadimi Lütfi Zadə Azərbaycanı çox sevən, azərbaycanlı, bakılı olması ilə fəxr edən böyük insan idi. Şöhrətin zirvəsində dayanan Lütfi Zadə uzun illər Vətəndən uzaqda yaşasa da, doğma elini unutmur, mütəmadi olaraq Azərbaycanla maraqlanırdı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Siyəzən və Şabran rayon Heydər Əliyev mərkəzlərinin, həmçinin Siyəzən rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş videokonfransda bildirilib.
Videokonfransda qeyri-səlis məntiq nəzəriyyəsi və böyük alim haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Lütfi Zadənin bu nəzəriyyəsi bəşəriyyətin inkişafına yol açıb, texnoloji inqilablara səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Onun zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə o, texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev və başqaları çıxış edərək Lütfi Zadənin tədqiqat və tapıntılarının dünya elminin müxtəlif istiqamətlərinin - riyaziyyat, kibernetika, informatika və yüksək texnologiyaların inkişafına güclü təkan verdiyini qeyd ediblər. Bildirilib ki, Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.