MASALLIDA “HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT VƏ ZAMAN” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Masallı, 7 may (AZƏRTAC). Masallı şəhərindəki Heydər Əliyev Muzeyində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın ümummilli liderin mənalı və şərəfli ömür yoluna həsr etdiyi “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı dördcildlik kitabının təqdimatı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışmış, yazıçı-publisist Elmira Axundovanın xeyirxah və nəcib işini yüksək qiymətləndirmiş, ona uğurlar arzulamışdır.
Mərasimdə çıxış edənlər dördcildliyi Azərbaycan ədəbiyyatı və tarixinə yeni töhfə kimi qiymətləndirmiş, ulu öndərin həyat və fəaliyyəti haqqında kitab yazmaqla öz üzərinə böyük missiya götürmüş müəlifə minnətdarlıqlarını bildirmişlər.
E.Axundova ulu öndərin ömür yolundan kitab yazdığı üçün qürur hissi keçirdiyini bildirmiş, ümummilli liderin 1990-cı illərə qədər olan dövrü əhatə edən həyat və fəaliyyətindən bəhs edən bu kitabın sonrakı cildlərinin də yazılacağını diqqətə çatdırmışdır.
Elmira Axundova dördcildliyi Masallı şəhərindəki Heydər Əliyev Muzeyinə hədiyyə etmişdir.