CƏMİYYƏT
Məhbus qadınların cəmiyyətə qayıdışına hazırlıq
Bakı, 13 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar üçün “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində 20 məhkuma boyama üçün ekoçanta verilib, 15 məhkum üçün əl işləri sənəti üzrə təlimlər, 100-dən artıq məhkum üçün psixoloji seminar təşkil edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilmiş “Arzularını boya” adlı təlimdə məhbus qadınlar öz istedadlarını ekoloji təmiz və insan sağlamlığına faydalı ekoçantalar üzərində rəsmlər çəkərək sınayıblar.
“Sadə sənət və sənətkarlıq” layihəsi çərçivəsində ictimai birliyin rəssam-dekoratoru tərəfindən məhkumlara salfetlərdən gül hazırlamaq və şam yeməyi masasında onlardan istifadə qaydaları öyrədilib.
İctimai Birliyin əməkdaşları tərəfindən məhkum qadınlar üçün təşkil olunan “Arzularını gerçəkləşdir” adlı psixoloji seminarda mühazirə söylənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.
Bundan başqa müəssisədə tanınmış yazıçı Elxan Elatlının məhkum qadınlarla görüşü təşkil olunub. Görüş zamanı yazıçı imzaladığı kitablardan bir neçəsini məhkumlara hədiyyə edib.