SİYASƏT
Meksika qəzeti: Azərbaycan Ermənistana böhrandan çıxa biləcəyi strategiya təklif edir
Bakı, 3 dekabr, AZƏRTAC
Meksikanın ən çox oxunan qəzetlərindən biri olan “El Universal” nəşrində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun bu ölkəyə səfəri zamanı yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında söylədikləri fikirlərlə bağlı məqalə dərc olunub.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə E.Əmirbəyovun sözlərinə istinad edilərək, Azərbaycanın regionda sülhün bərqərar olması prosesində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, habelə sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə çoxtərəfli forumlarda seçilən dövlət kimi rəsmi Mexikonun dəstəyinin önəmli olduğu vurğulanır.
Yazıda, həmçinin Azərbaycan hökumətinin Ermənistana bu ölkəni iqtisadi böhrandan çıxara, Avropa ilə ticarət, enerji imkanlarından və nəqliyyat kommunikasiyalarından faydalana biləcəyi, eyni zamanda, regionda hamı üçün əlverişli olan strategiya təklif etdiyi bildirilir. Vurğulanır ki, bunun üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, baş nazir Nikol Paşinyan qarşılıqlı inamsızlıq səbəbindən çətinləşən bu prosesdə səmimiyyət nümayiş etdirərək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin açılmasının təmin olunmasına maneə yaratmamalıdır.
Sonda E.Əmirbəyovun sözlərinə istinadla diqqət çatdırılıb ki, seçici kütləsinin təxminən 2 faizini təşkil edən erməni diasporu tərəfindən təhrik edilən və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Fransanın bu prosesdə vasitəçi rolu oynaması artıq mümkün deyil.