Meksikada COVID-19-un yeni variantları narahatlıq doğurur
Madrid, 30 iyun, AZƏRTAC
Dalbadal üç həftədir ki, Meksikada COVID-19 koronavirusuna yoluxma hallarının artması barədə məlumatlar daxil olur.
AZƏRTAC xəbər verir ki, Meksikada yoluxmaların sayı həftədə 15 faizə çatır.
Xəstəliklərin profilaktikası və səhiyyə nazirinin müavini Uqo Lopes-Qatelin sözlərinə görə, bu həftənin sonunda infeksiyaların artma faizi 18-ə çata bilər. Ölkədə 2,5 milyon nəfər koronavirusa yoluxub, 230-dan çox insan bu xəstəlikdən ölüb. Uqo Lopes-Qatel əmindir ki, koronavirusun yeni variantları əvvəlkilərlə müqayisədə 60 faiz çox yoluxa bilir.
“Delta” variantı bütün dünyanın diqqət mərkəzindədir. Virusun ilk dəfə Hindistanda aşkar edilmiş, daha yoluxucu və vaksinlərə davamlı olan, elmi dildə B.1.617 adlanan bu versiyası artıq Meksikada və 90-dan çox başqa ölkədə dövr edir. Lakin bu, koronavirusun yeganə versiyası deyil.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Alpha” adlandırılmış Britaniya variantı və “Gamma” adlı Braziliya variantı bir neçə aydır ki, ölkədə dövr edir. Milli genom təbabəti institutunun məlumatına görə, mayın 1-dən iyunun 16-dək Meksikada tədqiq edilmək üçün götürülmüş 3925 nümunənin 18 faizində “Gamma” variantı aşkar edilib.
Mexikonun səhiyyə naziri Oliva Lopes Arelyano bildirib ki, paytaxtda COVID-19-a yoluxma hallarının artması gənclər arasında infeksiyaların sayı və yeni variantların geniş yayılmasının nəticəsidir. Nazirin sözlərinə görə, ölkə paytaxtında “delta” variantı ilə bağlı dörd fakt aşkar edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid