Meksikanın “Mundo Internacional” jurnalında Azərbaycanla bağlı dörd məqalə yer alıb
Bakı, 23 dekabr, AZƏRTAC
Meksikanın “Mundo Internacional” jurnalının növbəti buraxılışında Azərbaycanla bağlı dörd məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, “IV Bakı Beynəlxalq Humanitar Forumu” adlı məqalədə Forumun əhəmiyyəti, “dəyirmi masa”larda müzakirə olunan mövzular, bu tədbirin iştirakçıları barədə məlumat verilib. Meksika Senatının xarici əlaqələr komitəsinin sədri, senator Qabriela Kuevas Barronun da Forumda iştirak etdiyi diqqətə çatdırılıb.
“Respublika Senatında Qarabağ mənim xatirimdə rəsm sərgisi” sərlövhəli məqalədə isə Meksika Senatında ABŞ-da yaşayan azərbaycanlı rəssam və memar Yavər Rzayevin rəsm əsərlərindən ibarət, Qarabağın tarixi və təbii landşaftını əks etdirən “Qarabağ mənim xatirimdə” adlı sərginin keçirildiyi bildirilib. Sərginin Senatın xarici əlaqələr komitəsinin təşkilatçılığı ilə keçirildiyi, açılış mərasimində Meksika Konqresinin və ölkə ictimaiyyətinin nümayəndələrinin, diplomatik korpusun üzvlərinin, habelə Senatın vitse-prezidenti Xose Rosas Arispuronun və xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barronun iştirak etdikləri diqqətə çatdırılıb. Bildirilib ki, Q.K.Barron sərginin dünyada mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa dəstəyin nümayişi və xalqlarımız arasında mədəni körpü olduğunu söyləyib.
Səfir İlqar Muxtarovun bu sərginin Azərbaycan və Meksika mədəniyyətlərinin yaxınlaşmasına xidmət etməklə yanaşı, ikitərəfli əlaqələrimizin inkişafının göstəricisi olması, Azərbaycanda Meksika üçün geniş əməkdaşlıq imkanlarının mövcudluğu ilə bağlı fikirləri də məqalədə yer alıb. Qarabağın təkcə təbii deyil, eyni zamanda, böyük mədəni zənginliklərə malik olduğunu qeyd edən səfir bölgənin məşhur muğam və xalçaçılıq sənəti, habelə şair, yazıçı, rəssam və bəstəkarlar diyarı olduğunu diqqətə çatdırıb. İ.Muxtarov Azərbaycanın tarixi torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyondan artıq əhalisinin qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb.
“Azərbaycanın müqəddəs musiqisi” sərlövhəli məqalədə muğamın qədim köklərə malik yüksək mənəvi inkişaf, şifahi ənənə musiqisi və sənəti olmasından bəhs edilir, həmçinin cari ilin oktyabr ayında Mexiko şəhər teatrında Alim Qasımovun möhtəşəm çıxışı xatırlanıb.
“Heydər Əliyev Fondu” adlı məqalədə isə Fondun 10 illik fəaliyyəti dövründə Azərbaycanın ictimai və sosial həyatında çox mühüm yerə sahib olduğu vurğulanıb, habelə onun məqsədlərindən bəhs olunub.
Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial sahələrdə reallaşdırdığı layihələrdən də söhbət açılıb. Həmçinin Fondun Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, ölkənin mədəni irsinin qorunmasına yönəlmiş müxtəlif layihələr həyata keçirdiyi, respublikanın sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyi vurğulanıb.