MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATININ MADDİ-TEXNİKİ TƏCHİZATININ YAXŞILAŞDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının şəhər və rayonlarında mənzil-kommunal təsərrüfatının maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, onun yeni xüsusi təyinatlı kommunal texnikası ilə təmin edilməsi, habelə şəhər və rayonların növbəti qış mövsümünə lazımı səviyyədə hazırlanması məqsədi ilə qərara alıram:
1. Şəhər və rayon icra hakimiyyətlərinə xüsusi təyinatlı kommunal texnikasının mərkəzləşdirilmiş qaydada alınması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 25,0 (iyirmi beş) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2007-ci il.