MİLLİ MƏCLİSİN DEPUTATLARI SANKT-PETERBURQDA MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlamentin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Elmira Axundova və Fəzail Ağamalı noyabrın 23-dən 26-dək Sankt-Peterburqda səfərdə olacaqlar. Azərbaycan deputatları MDB Parlamentlərarası Assambleyasının XXXI geniş iclasında və Assambleya Şurasının toplantısında iştirak edəcəklər.
Tədbirlərdə demokratik seçki prosesində beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi, MDB-yə üzv olan dövlətlərdə ərzaq təhlükəsizliyi, “Elektron ticarət haqqında”, “Paralimpiya idmanı haqqında”, “Elmi və elmi texniki fəaliyyət haqqında” model qanunların müzakirəsi keçiriləcəkdir. Həmçinin Assambleya Şurasının toplantısında “Parlamentarizm və demokratiyanın inkişafı Beynəlxalq Monitorinq İnstitutunun fəaliyyəti haqqında”, “Miqrasiya prosesinin qloballaşması: qanunvericiliyin tənzimlənməsi problemləri” mövzularında beynəlxalq parlament konvensiyasının nəticələri barədə fikir mübadiləsi aparılacaqdır.
Assambleyanın geniş iclasında Arif Rəhimzadənin “İtkin düşmüş şəxslər haqqında” model qanun layihəsi ilə bağlı məruzəsi nəzərdə tutulmuşdur.