MİLLİ MƏCLİSİN SƏDRİ SANKT-PETERBURQDA AŞPA-NIN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla, Azərbaycan parlamentinin nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının iclasında və MDB PA-nın 30-cu plenar iclasında iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.
MDB PA Şurasının aprelin 3-də keçirilmiş iclasında Birliyin üzvü olan bütün ölkələrin parlament başçıları gündəlikdəki məsələləri, o cümlədən təşkilati məsələləri müzakirə etmiş, Birliyin bir sıra ölkələrində keçirilmiş seçkiləri izləmiş MDB PA nümayəndələrinin məlumatı, həmçinin görülmüş işlər, MDB dövlətlərinin parlamentlərarası əməkdaşlığının perspektiv planları barəsində hesabat dinlənilmiş, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunulmuşdur.
Milli Məclisin sədri O.Əsədov çıxışında vurğulamışdır ki, nümayəndə heyətimiz Şuranın və Assambleyanın gündəliyindəki məsələlərin müzakirəsində MDB dövlətləri başçılarının Düşənbədə keçirilmiş zirvə görüşündə Azərbaycanın səsləndirdiyi xüsusi mövqeyi nəzərə alınmaqla iştirak edir.
Azərbaycan parlamentinin rəhbəri O.Əsədov MDB PA-nın 30-cu iclasında da iştirak etmişdir. İclasda gündəliyə salınmış məsələlər müzakirə olunmuşdur.
Sonra Milli Məclisin sədri O.Əsədovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luis Mariya de Puçla ikitərəfli görüşü olmuşdur. Görüşdə ölkəmizdə gedən demokratik proseslər, bu il keçiriləcək prezident seçkilərinə hazırlıq, habelə Azərbaycanın AŞPA ilə daha sıx əməkdaşlığı məsələləri müzakirə olunmuşdur. AŞPA-nın sədri Luis Mariya de Puç Azərbaycanda demokratik proseslərin inkişafını yüksək qiymətləndirərək vurğulamışdır ki, AŞPA ölkəmizdə həmin prosesləri maraqla və məmnunluqla izləyir. O xatırlatmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin AŞPA-dakı nümayəndə heyətinin başçısı olarkən həmişə fəal mövqe tutmuşdur və hazırda bu xoş ənənəni Azərbaycan deputatları davam etdirirlər. Milli Məclisin sədri O.Əsədov öz növbəsində AŞPA ilə əməkdaşlığın inkişafından məmnun qaldığını bildirərək, səmərəli dialoqu davam etdirmək üçün təşkilatın başçısını Azərbaycana səfərə dəvət etmişdir.
Milli Məclisin sədri elə həmin gün RF Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov, Dövlət Dumasının sədri Boris Qrızlov, Ukrayna Ali Radasının sədri Arseni Yatsenyuk, Moldova parlamentinin sədri Marian Lupu ilə də ikitərəfli görüşlər keçirmişdir.
Aprelin 3-də O.Əsədov MDB Parlament Mərkəzinin rəsmi açılış mərasimində, “Dostların baharı” Beynəlxalq musiqi festivalında iştirak etmişdir.
Elə həmin gün Tavriya sarayında tanınmış Azərbaycan yazıçısı və publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının təqdimatı olmuşdur. Təqdimat mərasimində bəzi MDB ölkələrinin parlament başçıları və nümayəndə heyətləri iştirak etmişlər.