Milli qurtuluşdan başlanan Zəfər yolu xalqımızı tarixi Qələbəyə qovuşdurdu
İmişli, 13 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan “Xalqın qəlbindəki əbədi abidə” adlı tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət mərkəzinin direktoru Nazim Əzimov, İmişli Uşaq İncəsənət Məktəbinin direktoru Baxış Babaşov, müəllim kollektivi, şagirdlər və fəal partiya üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından bu sənədin vacibliyini diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini qürur hissi ilə dilə gətirən Səfa Ağayev qeyd edib ki, milli qurtuluşdan başlanan Zəfər yolu xalqımızı tarixi Qələbəyə qovuşdurub.
Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan natiqlər qeyd ediblər ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə və unudulmaz tarixdir.
Tədbirin sonunda Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeirlər və musiqilər səsləndirilib.