Milli Referens Laboratoriyası səriştəlilik sınağında yüksək nəticə əldə edib
Bakı, 30 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyalar beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Milli Referens Laboratoriyası İngiltərənin “FAPAS” təşkilatının həyata keçirdiyi toyuq ətində antibiotik qalıq miqdarının müəyyənləşdirilməsi laboratoriyalararası səriştəlilik sınağında iştirak edib. Dünyanın qabaqcıl ölkələrində fəaliyyət göstərən laboratoriyaların iştirak etdiyi səriştəlilik sınağında institutun Milli Referens Laboratoriyası yüksək nəticə göstərib.
Qeyd edək ki, indiyədək sınaq laboratoriyaları İngiltərənin “FAPAS”, “LGC Standard” və “Pirbright”, Almaniyanın “Muva Kempten”, Fransanın “BIPEA” kimi təşkilatlarının rəhbərliyi ilə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək yüksək nəticə göstərən laboratoriyalar sırasında yer alıb.