Moris Pindar: Hazırda Fransanın müstəmləkə siyasəti davam edir
Bakı, 13 iyun, AZƏRTAC
Hazırda Fransanın kolonizasiya siyasəti davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Fransa Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Moris Pindar deyib.
“Müstəmləkə keçmişinə malik Fransa qanlı müstəmləkə cinayətlərini və soyqırımı aktlarını bu gün də törətməkdə davam edir. Hazırda bütün dünyaya postmüstəmləkə dövrü barədə car çəksə də, Fransanın neokolonializm siyasəti hələ də davam edir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etmir”, - deyə o bildirib.
Diqqətə çatdırılıb ki, Fransanın müstəmləkə siyasəti müxtəlif ərazilərdə təbii sərvətlərin talanması, istismar, zorakılıq və ətraf mühitin deqradasiyası ilə müşayiət olunur və tarixin qaranlıq bir səhifəsini təşkil edir.
“Bizə dəstəyinə görə Azərbaycana, Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Qoşulmama Hərəkatına üzv olan və olmayan ölkələrdən dəstək istəyirik”, - deyə M.Pindar əlavə edib.