MURMANSK VİLAYƏTİNDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN PROBLEMLƏRİ ÖYRƏNİLİR
Nümayəndə heyətinə Ümumrusiya Azərbaycan Konqresi icraçı direktorunun müavini Gündüz Həmzəyev, Sankt-Peterburq milli mədəniyyət evinin direktoru Akif Qasımov, Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı filialının direktoru Fuad Qasımov və başqaları daxil idilər.
Səfər çərçivəsində Murmansk vilayətinin qubernatoru Yuri Yevdakimov, vilayətin daxili işlər idarəsinin rəisi Vitaliy Fedotov, RF XİN-nin buradakı nümayəndəliyinin başçısı Sergey Kluşov və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Görüşlərdə Murmanskla Azərbaycan şəhərlərinin qardaşlaşması, iqtisadi, mədəni əlaqələrin qurulması, soydaşlarımızın problemləri və həlli vacib digər məsələlər müzakirə olunmuşdur. Vilayətin qubernatoru ikitərəfli əlaqələrin inkişafı üçün təkliflər paketi hazırlandığını və sənədlərin yaxın vaxtlarda Azərbaycan tərəfinə təqdim olunacağını söyləmişdir. Bildirilmişdir ki, Murmansk vilayətində yaşayan azərbaycanlıların problemləri, əsasən, onların qeyri-leqal yaşamaları ilə bağlıdır. Hazırda vilayətin Murmansk, Apatiti, Monçeqorsk, Kandalakşa şəhərlərində yaşayan 20 mindən çox azərbaycanlının 55 faizi qeyri-leqal miqrantdır.
Nümayəndə heyətinin üzvləri soydaşlarımızla da görüşmüşlər. Görüşdə pasport və qeydiyyat, yerli həyata inteqrasiya, vilayətin müvafiq qurumları ilə əlaqələrin qurulması məsələləri müzakirə olunmuşdur. Baş konsul Qüdsi Osmanov Prezident İlham Əliyevin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışmış, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlər görüldüyünü bildirmişdir.