SİYASƏT
Musa Quliyev: Demokratik, hüquqi, suveren Azərbaycan dövlətini təhdid etmək İranın əmmaməsi üçün deyil
![Musa Quliyev: Demokratik, hüquqi, suveren Azərbaycan dövlətini təhdid etmək İranın əmmaməsi üçün deyil](/files/2023/1/1200x630/1680856417585163108_1200x630.jpg)
Bakı, 7 aprel, AZƏRTAC
İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, deputat Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmlərinin ölkəmizlə bağlı söylədikləri davamlı hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusilə Zəngəzur dəhlizi barədə tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyil. İran rejiminin bu mövqeyi bizi dövlətlərarası münasibətlərimizə yenidən baxmağa məcbur edir.
Milli Məclisin deputatı bildirib ki, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Bu birgə əməliyyat bir daha göstərdi ki, Azərbaycan güclü dövlətdir, asayişin mühafizəsi etibarlı əllərdədir və heç bir düşmən qüvvə ictimai sabitliyi pozmağa nail ola bilməyəcək.
“Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik, hüquqi, suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı, nə də əmmaməsi üçün deyil. Hər kəs bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkəmizdə olduqca möhkəm və etibarlı Prezident-xalq birliyi mövcuddur və heç bir qüvvə bizim iradəmizi sarsıda bilməz”, - deyə Musa Quliyev əlavə edib.