Muxtar respublikada vaksinasiya prosesi uğurla icra olunur
Naxçıvan, 5 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə bir neçə tibb müəssisəsində COVID-19 xəstəliyinə qarşı vaksinasiya aparılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə vurulub. Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb personalı təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronoVac” vaksininə cəlb olunub.
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında da vaksinasiya prosesi planlı şəkildə və uğurla aparılıb. 52 nəfər tibb heyəti müayinədən sonra vaksinasiyadan keçirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında da 87 tibb işçisi müayinə edildikdən sonra peyvənd olunub. Vaksinasiyadan Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin tibb heyəti də yararlanıb. Bədən hərarəti 37 dərəcədən yüksək olanlara peyvənd vurulmayıb.
Ümumilikdə, 73 nəfərdə aparılan vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd edək ki, vaksinasiya prosesi muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində də aparılacaq.