Naxçıvan Biznes Mərkəzində təlimlərə start verilib
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri təlimlərə cəlb edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə muxtar respublikanın Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin əhəmiyyəti və məqsədi barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra hüquqi şəxslər tərəfindən cəlb olunan işçilərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən əsas vergi güzəştləri, icbari tibbi sığortanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə danışılıb.
Çıxış edənlər təşkilatlarda tətbiq olunacaq tibbi sığortanın formaları, icbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari tibbi sığorta üzrə sığorta haqları, onların məbləğləri və dərəcələri, hesablanması, ödənilməsi, hesabatın təqdim olunmasından söz açıblar.
Sonda mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və iştirakçılara təlimin əsas məqamlarının əks olunduğu bukletlər təqdim edilib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzi tərəfindən martın 5-dən icrasına başlanılan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlər davam etdirilir. Qısa zaman kəsiyində keçirilən təlimlər 68 büdcə təşkilatından 77 maliyyə-mühasibatlıq işçisini əhatə edib.