Naxçıvan cüdoçuları ölkəmizi beynəlxalq turnirdə uğurla təmsil ediblər
Naxçıvan, 2 sentyabr, AZƏRTAC
Türkiyənin Samsun şəhərində XX Beynəlxalq Qaradəniz Cüdo Birinciliyi keçirilib. Avqustun 30-dan sentyabrın 1-dək davam edən yarışa ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstandan, ümumilikdə, 700-dən çox idmançı qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ölkəmizi yarışda təmsil edən Naxçıvan cüdoçuları 2 qızıl, 4 gümüş medal qazanıblar.
Naxçıvan Güləş Federasiyasının tərkibindəki cüdo yığma komandasının baş məşqçisi Orxan Quliyev və məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyində turnirdə 10 idmançımız iştirak edib. Təmsilçilərimizdən 6-sı mükafatçılar sırasına düşüb.
Nəticələrə əsasən, Ziya Əsədli (26 kq) və Bilal Quliyev (30 kq) 13 yaşadək cüdoçular arasında öz çəkilərində fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Ayaz Əliyevlə (30 kq) Pərvin İsmayılov (34 kq) həmin yaş kateqoriyasında ikinci olublar. 15 yaşadək cüdoçular arasında çıxış edən digər iki idmançımız – Mətin Salahov və Sərxan Allahverdiyev də yarışı gümüş medalla tamamlayıblar.