Naxçıvan Dövlət Universitetində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzindədir
Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Müasir dövrdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir təşkil edilib. Əvvəlcə sıra təliminə baxış olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev sıra təliminə baxıb, hazırlığın yüksək səviyyədə olduğunu bildirib. Rektor vurğulayıb ki, 30 ildir müharibə şəraitində yaşayırıq. Son günlərdə əldə etdiyimiz nailiyyətlər, mühüm strateji əhəmiyyətli yerlərin qaytarılması Azərbaycan Ordusunun qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ona görə də xalqımız ordumuza güvənir, böyük Qələbənin yaxın olacağına inanır. Azərbaycanda dövlət-xalq -ordu birliyi ölkəmizin gücünə güc qatır. Bu gün hər kəs əmindir ki, işğal altında olan torpaqlarımız qısa vaxtda düşmən tapdağından azad ediləcək.
Tədbirdə çıxış edən universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan mühüm amillərdəndir. O vurğulayıb ki, vətənpərvərlik insanda lap kiçik yaşlardan aşılanmalı, gənclərimiz tariximizi yaxşı bilməli, vətənpərvər ruhda böyüməlidir.
Daha sonra Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbəsi Hüseyn Bağırov ümummilli liderimiz Heydər Əliyevin “Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyi, əbədi səcdəgahıdır” kəlamını səsləndirib. O qeyd edib ki, müasir gənclik Ulu Öndərimizin yoluna sədaqət ruhunda Vətənin müdafiəsinə daim hazırdır.
Sonra tədbir iştirakçılarına Cəbrayıl şəhərinin və 9 kəndinin işğaldan azad edilməsi ilə bağlı videoçarx nümayiş olunub.
Sonda tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.